Avtoreyd.Az Avtoklub Avtomobil qəzası zamanı ilk tibbi yardım necə göstərilməlidir?

Avtomobil qəzası zamanı ilk tibbi yardım necə göstərilməlidir?


Qəzalardan heç kim sığortalanmayıb, amma vacib olan qəza zamanı ilk tibbi yardımın göstərilməsidir. Bu yardım əslində necə olmalıdır? Nələri etməliyik ki, qəzaya düşmüş sürücünün, yaxud sərnişinin həyatını həkim gələnə qədər stabil saxlayaq? APA TV-nin  “AutoClub” layihəsində qəza zamanı ilk tibbi yardım üsullarından danışılıb, zəruri məlumatlar verilib.

 

İlkin tibbi yardımın göstərilməsi üzrə mütəxəssis Elşən Qarayev bildirib ki, hadisə zamanı təcili tibbi yardım əməkdaşları qəza yerinə gələnədək, xəsarət alan şəxsə ilkin tibbi yardım vaxtında göstərilməlidir: “Bunun üçün baza biliklərinə malik olmaq lazımdır. Xəsarət alan şəxsə yardım edən şəxs, düzgün davranmağı bacarmalıdır. Hər hansı bir qəza baş verdikdə, ilk növbədə kömək edən insan öz təhlükəsizliyini düşünməlidir. Yalnız bunu müəyyən etdikdən sonra ilkin tibbi yardım göstərə bilər”. Mütəxəssis həmçinin qeyd edib ki, avtomobil qəzası zamanı biz, ətrafdakı insanların xəsarət alan şəxsin avtomobildən dərhal çıxardıqlarını görürük. “Amma əksər hallarda bu, xəsarət alan şəxsin zədəsinin daha da ağırlaşmasına səbəb olur. Halbuki kömək edənlər, yalnız ilkin tibbi yardım göstərməyə çalışırlar”.

 

Elşən Qarayev baş vermiş hadisəni anında düzgün qiymətləndirməyi vacib sayır: “Aydın məsələdir ki, sıravi vətəndaşın tibbi savadı yoxdur. Bunun üçün də əgər qəza zamanı avtomobildə qalan şəxsin həyatı üçün təhlükə yoxdursa, həmin şəxsə toxunmaq məsləhət deyil. Yəni biz həkim olmadığımız üçün həmin şəxsin başına nə gəldiyini müəyyən edə bilmərik, diaqnoz qoya bilmərik”. Mütəxəssis hesab edir ki, xəsarət alan şəxsin nəfəs alıb-almadığını müəyyən etmək üçün ən yaxşı üsul, üzümüzü zərərçəkən şəxsin ağız hissəsinə yaxınlaşdırmaqdır: “Bu zaman elə etməliyik ki, üzümüz həmin insanın sinəsinə doğru yönəlmiş olsun. Əgər həmin şəxs nəfəs alırsa, biz bunu yanağımızda hiss edə bilərik. Xəsarət alan şəxs nəfəs alıb-verərkən, onun sinəsinin az da olsa  qalxıb-endiyini görmək olar.

 

Mütəxəssisə görə, ilkin tibbi yardım göstərilərkən maska olmadığı halda, vəziyyətdən çıxış yolu kimi cib dəsmalından da istifadə mümkündür. E. Qarayevin hadisə zamanı zəruri qaydaların insanlar tərəfindən unudulması faktlarının üstünlük təşkil etdiyini vurğulayıb.

 

Elşən Qarayev qəza zamanı qanaxma növlərinin təyin edilməsi məsələsinə toxunub. “İlk növbədə al-qırmızı rəngdə olan qan yaradan şırnaqla axacaq. Bu ən təhlükəli arterial qanaxmadır. Bəs venoz qanaxma necə olur? Yaradan axan qan tünd-qırmızı rəngdə olur. Demək olar ki, az qala qaraya çalır. Yaradan qan sakit, stabil, lakin daima axır. Kəsilən qanaxma deyil. Kapilyar qanaxma, qanaxmanın ən sadə növüdür. Bu ən yüngül qanaxmadır. Qan öz-özünə kəsilə bilir. Və nəhayət daxili qanaxma. Bu, bədən boşluğuna axan qandır. Gözlə görmək mümkün olmasa da, bəzi zahiri əlamətlərdən bilmək olar”. O, bildirib ki, daxili qanaxma zamanı tədricən zərərçəkənin rəngi ağarmağa başlayır. Bu zaman nə etməyin lazım olduğunu açıqlayan Elşən Qarayev, zərərçəkmiş şəxsi tamamilə hərəkətsiz hala gətirməyin vacib olduğunu vurğulayıb: “Yəni zədə almış vətəndaş uzanmış vəziyyətdə olmalıdır. Həkim gələnə qədər onu danışdırmaq lazımdır.

 

Qıcolmanın insanlarda tez-tez rast gəlinən bir problem olduğunu  bildirən Elşən Qarayev, belə hallara daha çox epilepsiyadan əziyyət çəkən insanlarda rast gəlindiyini bildirib və vəziyyətdən çıxış yolu təklif edib: “Qıcolma halı keçənə qədər həmin şəxs sol çiyini üstə qalmalıdır. Bu zaman dilin qatlanması baş vermir. Bu hal 2-3 dəqiqə çəkir və sonra həmin şəxs sakitləşir. Lakin əgər biz yardım etməyə bir qədər gecikmişiksə və dil artıq qatlanıbsa, bu cür yardımın faydası olmur. Bəs bu zaman nə edə bilərik? Həmin şəxsin çənəsini sadəcə çəkə bilərik. Yəni çənəsindən tutaraq başını yuxarı qaldırırıq. Bu zaman az da olsa, həmin şəxsin dili tarımlaşır və nəticədə insan bir qədər nəfəs almağa başlayır”.

 

Mütəxəssis bu fikirdədir ki, qəza zamanı xəsarət alan şəxsin ürəyi az da olsa döyünürsə, ona ürək masajı etmək yol verilməzdir: “Masaj yalnız ürəyin fəaliyyəti dayandıqda olunur. Ürək dayanarkən,  düzgün və vaxtında yardım olunarsa, həmin şəxsi həyata qaytarmaq şansı var. Ümumiyyətlə, hadisə baş verdikdən 3 dəqiqə sonra insana ilkin tibbi yardım göstərilərsə, onun həyata qayıtmaq şansı 75  faiz, 5 dəqiqə ötdükdə 25 faiz, 10 dəqiqə keçdikdə isə 10 faiz olur”. E. Qarayevin sözlərinə görə, sınığı olan və ya zədə alan şəxs həkim gələnə qədər və ya  xəstəxanaya çatdırılana kimi, hərəkətsiz halda olmalı, tərpədilməməlidir.

 

Avtomobildə olan tibbi yardım çantası və ya dərman qutusunda olan preparatların saxlanması ilə bağlı danışan mütəxəssis, yay vaxtı avtomobilin salonundakı yüksək temperaturun dərmanların keyfiyyətinə birbaşa təsir etdiyi fikrindədir.  O bildirib ki, həmin çanta və ya qutularda dərman deyil, əsasən sarğı materialları saxlanılır.

http://www.youtube.com/watch?v=aLE4O95BNL8

Related Post