“Avtomobil idarə edən sürücü qaydalarla yanaşı mütləq bilməlidir ki, evdə onun yolunu gözləyənlər var”. Bu fikirləri APA TV-də yayımlanan “Avtoclub” verilişinin qonağı, ekspert Ruslan İbrahimov deyib.
Maşın sürməyi öyrənmək istəyənlərə tövsiyələrini verən ekspert deyib ki, sürücü avtomobilə əyləşməzdən əvvəl minik vasitəsini vizual olaraq diqqətlə nəzərdən keçirməlidir. Təhlükəsizlik kəmərinin bağlanması, oturacağın düzgün nizamlanması kimi tədbirlər isə artıq maşına mindikdən sonra görülməlidir.
“Sükan arxasında olan şəxslər ilk növbədə tələsməməlidir. Gedəcəyiniz yer üçün sərf edəcəyiniz vaxtı əvvəlcədən hesablayın. Yəni əlavə bir qədər də ehtiyat üçün vaxt nəzərə alınmalıdır”.
Maşınlarda uşaq oturacaqlarının quraşdırılması, çəkisi və standartlarına gəlincə Ruslan İbrahimov hər şeyin avtomobilin qabaq oturacağında əyləşən şəxsin təhlükəsizlik qaydalarına riayət etməsindən asılı olduğunu söyləyib. Müasir minik vasitələrinin kəmər və yastıqla təchiz olunduğunu və bunların sürücünün yalnız qoyulan standartlara əməl etdiyi zaman köməyinin dəyə biləcəyini qeyd edən ekspert, çəki və oturacaq haqda belə məlumat verib: “Öndə əyləşən şəxsin çəkisinin 36 kilo və ondan artıq olması, boyunun isə 1 metr 50 sm-dan yuxarı olması şərtlərdən biridir. Sükan arxasına əyləşən şəxs təhlükəsizlik kəmərini taxmadıqda, avtomobil xüsusi siqnal verməyə başlayır. Yəni həmin yerdə əyləşən şəxsin çəkisi 36 kilodan aşağı olduqda, siqnal verilməyəcək. Belə ki, oturacağın altında olan sensor çəkinin fərqini nəzərə alaraq aktivləşir və hava yastığına artıq sərnişinin əyləşməsi ilə bağlı siqnal ötürür. Siqnal isə sürücüyə artıq salonda hər şeyin işlək vəziyyətə gəlməsi ilə bağlı kəmərini bağlamaq üçün xəbərdarlıq edir. Əks halda qəza zamanı qəfil açılan təhlükəsizlik yastığı, sükan arxasında əyləşən şəxsin üzünə ciddi xəsarət yetirə bilər”.
Ekspert bildirib ki, qəza zamanı açılan yastığın sürücüyə toxunduğu an güclü boksçu zərbəsini xatırladır. Soyuq və pis hava şəraitində avtomobilin necə işə salınması məsələsinə gəlincə Ruslan İbrahimov hazırda idarə edilən müasir avtomobilləri qızdırmağa ehtiyac olmadığını bildirib: “Çünki bu zaman biz yalnız yağı qızdırmış oluruq. Hansı ki, sonradan minik vasitəsinin daxili boyunca soyuq cihazlar daxilində hərəkət edir. Bu da əksinə avtomobil üçün zərərlidir. Soyuq avtomobildə qəfildən istilik sistemini işə salınması şüşələrin çatlamasına da səbəb ola bilər. Yaxşı olar ki, avtomobil işə salınarkən, tədricən hərəkətə gətirilsin ki, qızdırıcılıq, isitmə sistemi də bu zaman çalışsın. Yəni komplekt olaraq hər şey eyni anda isidilsin, qızdırılsın”.
Kondisioner sistemini işə salarkən, avtomobilin şüşələrinin bir az endirməyi tövsiyə edən ekspertin sözləri görə, avtomobil sistemi çalışarkən salon daxilindəki işlənmiş qazlar havaya sovrulur. O qeyd edib ki, avtomobilin təkərlərinin təzyiqi ilin mövsümlərinə uyğun olaraq dəyişdirilməməlidir: “Nəzərə alaq ki, təkərlərin təzyiqinin dəyişdirilməsi haqqında heç bir avtomobilin texniki kitabçasında nə isə qeyd edilməyib. Çünki təzyiq azaldıqca təkərin asfalt örtüyü ilə təması azalır. Yer səthi ilə təmasın zəifləməsi isə bir sürücü olaraq bizə istədiyimiz manevrləri etməyə əngəl və maneə yaradır. Onun üçün də avtomobilin texniki sənədlərində təkərlərin təzyiqinin mövsümə uyğun dəyişdirilməsi ilə bağlı heç nə qeyd edilməyib. Sadəcə isti və soyuq havalarda mövsümə uyğun təkərlərdən istifadə etmək lazımdır. Yalnız yüklü və yüksüz avtomobil məsələsinə gəldikdə təkərlərdə təzyiqlə bağlı dəyişiklik edilir. Bu da o zaman baş verir ki, texniki sənədlərdə bu haqda nə isə qeyd edilsin”.