Abşeron rayonunun Digah qəsəbəsində yaşayan bəzi sakinlər marşrut avtobuslarının onların yaşadığı əraziyə gəlmədiyini deyirlər. Sakinlər qısa zamanda problemin həll ediləcəyini gözləyirlər.
Abşeron rayonunun Digah qəsəbəsinin Əliçıraq yaşayış massivinin sakinləri marşrut problemi ilə üzləşiblər.
Ərazidə yaşayanlar bildirir ki, marşrutların gəlməməsinə normal yolun olmaması da təsir göstərir.
Məsələ ilə ərazidə xidmət göstərən 592 saylı marşrut xəttinin sahibkarı “Xəzər Xəbər”ə bildirdi ki, onların qrafiklərində gün ərzində 6 dəfə həmin yaşayış massivinə avtobusların getməsi nəzərdə tutulub. O, hətta qeyd elədi ki, əgər sürücülər bu qaydanı pozarsa sakinlər ona birbaşa şikayət edə bilərlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, Əliçıraq yaşayış massivindən onlara marşrutla bağlı müraciətlər daxil olub. Qısa zamanda müraciətə baxılaraq müvafiq tədbirlər görüləcək.