Avtoreyd.Az Gündəm Dünya ölkələrində evakuasiya xidməti neçəyə başa gəlir?

Dünya ölkələrində evakuasiya xidməti neçəyə başa gəlir?

| | 0 Comments | 00:44

 

Hazırda evakuasiya haqqında çox danışır və mübahisə edirlər. Digər ölkələrin bu məsələdə təcrübəsinə nəzər salsaq pis olmaz. Xaricdə evakuasiya xidməti necə fəaliyyət göstərir?

Avropasayağı evakuasiya

Düşünürsünüz ki, avtomobilin cərimə meydançasına məcburi şəkildə yerləşdirilməsi, sırf bizdə ixtira olunub? Xeyr, bu heç də belə deyil. Başqa ölkələrdə də həmçinin bununla bağlı kifayət qədər ölçü götürülür. Həm də gələcək sürücülər, avtomobil  sürməyi öyrənərkən artıq bilirlər ki, onların avtomobilini evakuasiya xidməti hansı səbəbdən apara bilər.

Hələ ki, bizdə evakuasiya məsələsinə münasibət birmənalı deyil. Bəziləri hesab edir ki, bu faydasız bir işdir  və belə xidmət göstərən təşkilatlar kasıb sürücülərin  hesabına yalnız varlanırlar.

Digərləri düşünür ki, avtomobilin məcburi nəql edilməsi,  bizim ölkəmizə çox lazımdır. Çünki əks halda  qayda pozuntularının sayı artar, şəhər küçələri isə xaosa qərq olar.

Avropada qaydalar daha ciddidir. Məsələn, avtomobili hətta ön şüşəsindəki çata görə belə və ya şüşələri həddən artıq tünddürsə ( 75 faizdən az işıq buraxırsa), əgər şüşə zavod istehsalı deyilsə və ya farası sınıbsa, xarici görkəmində zədə varsa  və s. səbəblərə görə evakuasiya edə bilərlər.

Kiprdə, əgər avtomobilin heç olmasa bircə  dənə dövlət nişanı yoxdursa və ya başdan-ayağa üzərinə örtük çəkilibsə, o zaman nəqliyyat vasitəsi dərhal evakuasiya olunur. İki ay ərzində qayda pozuntusu aradan qaldırılmasa, evakuatorun xidmət haqqı ödənilməsə, onda avtomobil hərraca çıxarılır  və ya sadəcə məhv edilir.

Estoniyada, avtomobili evakuator meydançasına yerləşdirmək üçün krandan istifadə olunur. Əksər hallarda da  avtomobilin kuzovu zədələnir. Sığorta şirkətləri isə bu zərəri ödəmir.

İspaniyada avtomobil bir və ya iki sarı zolaqlı bordyurun yanında park edilibsə, VADO yazılan yerdə dayanıbsa  yəni parklama qadağandır, onda nəqliyyat vasitəsi  məcburi formada həmin yerdən götürüləcək.

İtaliya, Avstriya, Almaniya, Niderlandın bəzi  şəhərlərində, əgər avtomobilin üzərində parklamaya icazə verən bildiriş yoxdursa, nəqliyyat vasitəsi evakuasiya olunur.

Belçikada avtomobili yalnız “göy” zonalarda saxlamaq olar, harada ki, parklamaya və dayanacaqdan istifadəyə  icazə verilib. Lakin “sarı” zonalardan avtomobillər evakuasiya olunur.

İrlandiyada və Böyük Britaniyada sürücüyə avtomobilini cərimə meydançasından götürməzdən əvvəl, təxminən 200 funt sterlinq cərimə  ödəmək lazım olacaq. Avtomobilin xüsusi dayanacaqda bir günü qalmasının qiyməti 40 funt sterlinqdir. Dublin şəhərinə gəlincə, orada qiymət bir qədər ədalətlidir. Avtomobili xüsusi dayanacaqdan götürmək üçün, cəmi 80 avro ödəmək lazımdır.

 

Almanlar üçün nəzərdə tutulan qaydalar

Almaniyada əlillər üçün nəzərdə tutulan yerdə avtomobilini yerləşdirən sürücü öz nəqliyyat vasitəsindən məhrum edilir. Lakin bir şərtlə ki, onun üzərində əlilliyini təsdiq edən sənədi yoxdursa.

Avtomobilini yanğın keçidində saxlayan şəxslərin də nəqliyyat vasitələri məcburi evakuasiya olunur. Əgər  qəza zamanı xilasedicilər həmin əraziyə yaxınlaşarsa və yol bağlı olarsa.

Qeyd edək ki, Almaniyada şənbə günü hər kəs  işləmir, amma bu gün yenə də iş günü hesab edilir. Odur ki, şənbə günü avtomobili “Werktags” yəni “iş günləri” lövhəciyi olan pullu dayanacağa yerləşdirmək olar.

Digər qitələrdə vəziyyət necədir?

Avstraliyada, Melburnda avtomobilin məcburi evakuasiyası onun sahibinə 322 dollara başa gələcək. Nəqliyyat vasitəsi xüsusi dayanacaqda iki gün pulsuz qala bilər, növbəti hər gün üçün isə avtomobilin sahibinə 15 dollar ödəmək lazım olacaq. Amma ümumi məbləğ 105 dolları ötməmək şərti ilə.

 

Vankuverdə evakuasiya xidməti ən azı 70 kanada dolları (68 ABŞ dolları) təşkil edir. Lakin bu məbləğə  benzin üçün ödəniş də əlavə edilir: ilk 6 kilometrə görə  6 dollar, sonrakı hər kilometr üçün 20 sent.

Cərimə meydançasındakı  bir gün avtomobil sahibinə 7,8 dollara başa gəlir.

Related Post