Hadisə 1899-cu ildə Nyu-Yorkda baş verib. “Qoçaq” taksi sürücüləri o zaman yolda sürət avtomobili ilə deyil, qürurla taksomotor adlandırdıqları elektrik avtomobillərlə “şütüyürdülər”. O dövrün “dəlisov” taksiləri saatda sadəcə 19 kilometr sürətlə “uçurdular”! Halbuki, o vaxt ştatın qanunlarına əsasən icazə verilən sürət həddi saatda 13 kilometr idi. Bu qanun, hamar, düz yolla hərəkət edən özüyeriyən nəqliyyat vasitələrinə aid idi. Döngələrdə isə icazə verilən sürət həddi saatda cəmi 7 kilometr idi!
Qanunu pozan sürücünü görən yerli polis, o dövr üçün bərk gedən nəqliyyat vasitəsi olan velosipedinə əyləşərək, “qatı cinayətkarın” arxasınca düşür. Təbii ki, həmin sürücüyə çatmaq və onu dayandırmaq cəmi bir neçə dəqiqənin işi idi. Sürət həddini aşan şəxs həbs olunaraq polis bölməsinə göndərilir.
Taksomotorun məxsus olduğu Electric Company şirkəti isə əməkdaşının bu hərəkətinə çox təəccüblənsə də, yalnız cəza verməklə kifayətlənir, başabəlalı taksi sürücüsü yenə də işinə davam edir. Bu hadisə o dövr üçün o qədər qeyri-adi və “gurultulu” olub ki, hətta “Nyu-York Tayms” qəzeti taksi sürücüsünün sürəti aşması kimi bu “dəhşətli hadisə” haqqında birinci zolaqda xəbər yerləşdirib.
Qeyd edək ki, 1930-cu illərə qədər ABŞ-da yük, adam daşıma hüququna yalnız elektrik avtomobillərdən ibarət taksi parkına sahib şirkətlər malik olub. Hamı gələcəyin məhz bu avtomobillərlə bağlı olduğuna inanırdı. Heç kəs böyük, guruldayan benzinlə çalışan aqreqatların bu qədər məşhur olacağını düşünmürdü. Lakin, gördüyümüz kimi, hər şey əksinə oldu.