Bakı-Qazax magistralının Ağdaş ərazisindən keçən hissəsində sakinlər heyvanlarını otlağa aparmaq üçün sürətlə gedən avtomobillərin arasından yolu keçməlidir. Bu da sürücülərə qəza şəraiti yaradır. Heyvan sahibləri bildirir ki, onların keçdiyi ərazidə heyvan keçidi yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarında heyvanlar otlağa gedəndə və axşam geri qayıdanda magistral yolda bu mənzərə yaranır.
Sakinlər iri və xırda buynuzlu heyvanları beton maneələrin arasından keçirir.
Söhbət Bakı – Qazax magistarlının Ağdaş rayon Ləki kəndindən keçən hissəsidir. Kənd sakinləri heyvanları örüş sahələrinə aparmaq üçün yolu keçirmək məcburiyyətindədir. Heyvanlar sürü ilə keçəndə isə yolda hərəkət dayanır.
Sakinlər bildirir ki, heyvan keçidi olmadığına görə belə vəziyyət yaranır. Heyvan keçidləri də uzaqda olduğundan heç kim getmək istəmir. Nəticədə heyvanlar yolda qəzalara səbəb olur.
Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı “Xəzər Xəbər”ə bildirib ki, magistral yolda nəzərdə tutulan yerlərdə heyvan keçidləri qoyulub. Sakinlərin dediyi ərazi də heyvan keçidinə təxminən 1 km. ərazidədir. Ona görə onlar özlərinə uyğun olan keçidlərdən istifadə etməlidirlər.