1955-ci ilin iyununda Amerikanın İllinoys ştatında tarixdə ilk dəfə olaraq qanunvericiliyə əsasən avtomobillərdə təhlükəsizlik kəmərlərindən məcburi istifadə tətbiq edildi. Bu qanun 1957-ci ildə İsveçdə, ondan sonra Avropanın müxtəlif ölkələrində qüvvəyə mindi. Keçmiş SSRİ-də isə bu, 1975-ci ildə baş verdi.
Təhlükəsizlik kəmərindən istifadə etməyi hələ XIX əsrin əvvəllərində ingiltərəli ixtiraçı Corc Keyli təklif edib. 1885-ci ildə isə amerikalı ixtiraçı Edvard Kleqhorn ilk dəfə olaraq karet faytonçusu üçün nəzərdə tutulan təhlükəsizlik kəmərini patentləşdirib. Müasir üç nöqtədən bərkidilən təhlükəsizlik kəmərinin ixtiraçısı isə Volvo şirkətinin mühəndisi Nils Bolindir.
Hətta 1985-ci ildə Alman Patent idarəsi, təhlükəsizlik kəmərini bəşəriyyətə son 100 il ərzində ən böyük fayda verən səkkiz ixtira sırasına daxil edib. Beləliklə, təhlükəsizlik kəmərinin kifayət qədər uzun tarixçəsi var. Ancaq bu müddət ərzində o, bir çox maneələrlə qarşılaşıb.
Bütün tövsiyələrə, sınaqlara, statistik göstəricilərə, sübutlara baxmayaraq sürüclər, təhlükəsizlik kəmərindən həvəssiz istifadə edirdilər.Onlar özlərini sanki əli-qolu “bağlı” kimi hiss etdiklərini deyirdilər.Avtomobil istehsalçıları da təhlükəsizlik kəmərindən istifadəni könülsüz qarşılayırdılar. Onlar bu ixtiraya avtomobilin qiymətinə təsir edən əlavə “əziyyət” və xərc kimi baxırdılar.
Təhlükəsizlik kəmərinin əleyhdarları, 1970-ci ildə İtaliya Qran prisi zamanı ölən Formula-1 yarışmasının məşhur iştirakçısı Yohen Rindti çox vaxt misal gətirirlər. Qəribə təsadüfə görə, Rindt ilk dəfə olaraq qurşaq kəmərindən istifadə etməyə razılaşır, çünki əvvəllər o, iddia edirdi ki, bu, pilota avtomobil idarə etməyə mane olur.
Lakin heç də hamı bu halda əhəmiyyətli bir detala diqqət yetirmir ki, Rindt bu zaman, sən demə çiyin kəmərlərini bağlamayıb. Nəticədə zərbə anında onun bədəni aşağı sürüşüb və qayışın toqqası pilotun boğazını kəsib. Əgər müasir təhlükəsizlik kəmərindən düzgün istifadə edilsə, onun altından sürüşmək mümkün deyil.
Təhlükəsizlik kəmərinin əleyhdarları daha bir arqument də gətirir ki, avtomobil yanarsa və ya qəflətən sürücüyə soyğunçular hücum edərsə, içəridə sükan arxasında olan şəxs vaxtında bayıra çıxa bilməyəcək. Həqiqətən də Formula-1 yarışması tarixində elə anlar da olub ki, yarışmaçılar avtomobildən çıxa bilmədikləri üçün, öz bolidləri ilə birlikdə yanıblar. Amma bu gün bolidlərdə əyləşən müasir pilotlar təhlükəsizlik kəmərini bağlayır.
Bəs görəsən bu effektivliyin parlaq sübutu deyilmi? Ədalət naminə qeyd etmək lazımdır ki, texnologiya zamanla təkmilləşib. Keçmişdə kəmərlər həqiqətən də indiki kimi rahat olmayıb.
1972-ci ildə sərnişinlərin sərbəstliyini və təhlükəsizliyini təmin edən kəmərlərin dartılmasının inersiya mexanizmi meydana gəldi. Artıq kəmərlərin asanlıqla açılıb-bağlanması üçün qırmızı düymə yaradıldı.
Buna baxmayaraq, insanları bu effektiv təhlükəsizlik vasitəsindən istifadə etməyə məcbur etmək çox çətin idi. Əksəriyyət yalnız təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə tətbiq olunduqdan sonra kəmər bağlamağa başladı.
Yaponiyalı tədqiqatçıların statistikasına əsasən, təhlükəsizlik kəmərindən istifadə 100 qəza hadisəsindən 75-də ölümcül zədələrin qarşısını alır. Təhlükəsizlik kəməri qəfil əyləcin basılması vaxtı və ya qəza zamanı sərnişinin yerində qalması üçün nəzərdə tutulub. Eyni zamanda sərnişinlərin avtomobillərin salon hissəsinə çırpılmasının və ya avtomobildən kənara düşməsinin qarşısını alır.
Ekspertlərin hesablamalarına görə, qarşıdan alınan zərbə zamanı sürətdən asılı olaraq insanlar, müxtəlif hündürlükdən bərk səth üzərinə düşmə vaxtı olduğu kimi eyni xəsarət alırlar. Misal üçün, saatda 40 km sürət 6,3 metrdən, saatda 60 km sürət 14 metr dən, saatda 80 km sürət 25 metrdən yıxılaraq alınan travmala ra bərabərdir. Bu rəqəmlərin nə demək olduğu aydın olmayan şəxslərə, təhlükəsizlik kəmərindən istifadənin faydasını reklam çarxlarının köməyi ilə izah edirlər. Çünki həmin sosial reklamların bir çoxu, həqiqətən də bütün sözlərdən daha təsirlidir.