Avtoreyd.az bildirir ki, Amerikanın Ohayo ştatının Klivlend şəhəri yaxınlığında yaşayan 45 yaşlı sakin, pivə əldə etmək üçün məqsədyönlü şəkildə öz avtomobili ilə bağlı ərzaq mağazasının vitrinini sındıraraq içəri daxil olub. Hadisə nəticəsində dükan əməkdaşı zərər çəkib.
Mağazaya soxulan qurşaqdan aşağı çılpaq sürücü, dağıntılar altında qalan satıcıya bildirib ki, ona pivə lazımdır.
Hadisə yerinə polis gəldikdə isə tumancaq sürücü pivə olan soyuducuda gizlənərək qanun keşikçilərini ona atəş açmağa çağırıb. Polis onu elektroşokerin köməyi ilə zərərsizləşdirə bilib.
45 yaşlı sürücü və onun hərəkətlərindən zərər çəkmiş mağaza əməkdaşı xəstəxanaya yerləşdiriliblər. Polislərin sözlərinə görə, əli və sinəsi zədələnən satıcının bəxti onda gətirib ki, onunla avtomobil arasında piştaxta olub, əks halda o, daha ağır xəsarət ala bilərdi.
Polisin yaydığı məlumatda bildirilir ki, həmin sürücü veterandır və hərbi xidmət nəticəsində psixi problemlər yaşayıb. 45 yaşlı pivə həvəskarına qarşı sərxoş halda avtomobil idarə etməklə bağlı ittiham irəli sürülüb.