Avtoreyd.az xəbər verir ki, qapı istehsalıyla məşğul olan Belarus şirkəti taxta velosiped buraxmağa başlayıb. Tozağacı və ya göyrüş ağacından hazırlanan velosipedlər, əl ilə istehsal edilir.
Tozağacıdan hazırlanan ən ucuz velosiped min dollardan bir qədər artıq qiymətə satılır. Raması göyrüş ağacından hazırlanan velosiped isə alıcıya 1217 dollara başa gələcək. Belə velosipedin çəkisi 21 kiloqramdır.
Taxta velosipedlər Belarusda hələ ötən əsrin birinci yarısında istehsal edilirdi. 1933-cü ildə tamamilə ağacdan hazırlanmış belə nüsxələrdən biri hazırda Belarus Muzeyində saxlanılır. Həmin velosiped o zaman yarmarkaya gəlmiş kəndlidən satın alınıb. Bahalı dəmir velosiped almağa imkanı olmayan kəndli, özü onu hazırlamağı qərara alıb. Muzey əməkdaşlarının sözlərinə görə, eksponat əvvəlki kimi yenə işləkdir.
Aydın məsələdir ki, bahalı qiymətə olan belə velosipedlər çətin ki, çox satılsın, amma Avropada və ABŞ-da belə nəqliyyat vasitəsi üçün pul ödəməyə hazır olan çoxdur. Çünki xaricdə şəhər nəqliyyat növü kimi bu cür velosipedlər artıq məşhurlaşmaq üzrədir.