Avtoreyd.Az Gündəm Prezident İlham Əliyev Bakının Yasamal rayonunda yeni tikilən yolların açılışında iştirak edib ( VİDEO)

Prezident İlham Əliyev Bakının Yasamal rayonunda yeni tikilən yolların açılışında iştirak edib ( VİDEO)


Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda keçmiş “Sovetski” adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında iştirak edib, digər küçələrdə aparılan işlərin gedişi ilə tanış olublar.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına “Bakı şəhəri, keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsinin birinci mərhələsi üzrə görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, layihənin birinci mərhələsinə ümumi uzunluğu 7 kilometrdən artıq 5 küçədə aparılan yenidənqurma işləri, ikinci mərhələsinə isə ərazidə yaşıllıqların, parkların, istirahət zonalarının salınması, sosial infrastrukturun yaradılması daxildir. Layihənin icrasına 2016-cı il avqustun 5-də start verilib. Aparılan işlər yüksək keyfiyyətlə, texnoloji ardıcıllığa uyğun, həm də maksimum qısa müddətdə icra edilib.
Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması istiqamətində Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı müvafiq sərəncamlara uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan işlər çərçivəsində Füzuli meydanında yerləşən dairə ləğv edilib. Avtonəqliyyat vasitələrinin hərəkəti layihə üzrə yeni istiqamətlərə yönəldilib. Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti Şıxəli Qurbanov küçəsindən dairəyə çatmamış sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, oradan da yeni yaradılmış geridönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldilib. Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələri də layihə üzrə nəzərdə tutulmuş yeni sxem əsasında hərəkət edəcək.
Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində dairənin ləğvi ilə yeni hərəkət istiqamətləri üzrə – Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı əsaslı şəkildə yenidən tikilib.
Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq salınan yolların uzunluğu müvafiq surətdə 750 və 800 metr, eni isə 15 metr təşkil edir. Bu yolların istifadəyə verilməsi ilə ərazidə nəqliyyatın hərəkətinin normal tənzimlənməsi, tıxacların qarşısının alınması və piyadaların təhlükəsizliyi üçün hərtərəfli şərait yaradılıb. Bundan başqa, bu layihənin icrası paytaxtımızda son dövrlərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində uğurla aparılan işləri aydın nümayiş etdirir.
Dövlətimizin başçısı yeni yolların rəmzi açılışını bildirən lenti kəsdi.
Layihə çərçivəsində yenidən qurulan 440 metr uzunluğunda Balababa Məcidov küçəsinin eni genişləndirildikdən sonra 15 metrə çatdırılıb. Burada da tam müasir yol infrastrukturu yaradılıb.
Uzunluğu 1825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində və 2165 metr uzunluğu olan Nərimanov prospektində isə hazırda son tamamlama işləri aparılır. Yaxın günlərdə bu yolların da istifadəyə verilməsi nəzərdə tutulur.
Hazırda Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsinin həyata keçirildiyi ərazi boyu son tamamlama işləri sürətlə davam edir.
Yenidən qurulan yollarda müasir işıqlandırma sistemləri, avtobus dayanacaqları quraşdırılacaq, yeraltı və yerüstü parkinq yerləri, həmçinin piyada keçidləri inşa ediləcək.
Onu da deyək ki, “Sovetski”nin köçürülməsi hələ Sovet İttifaqı dövründə belə paytaxt üçün vacib sayılan layihə idi. Bu irimiqyaslı və tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlətimizin başçısının təşəbbüsü ilə həllini tapdı.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

http://https://www.youtube.com/watch?v=gLAKlFscUpg

 

Related Post

Qaydalarının pozulmasına dair məhkəmə qərarının mərkəzi informasiya sisteminə yerləşdirilməsi müddəti dəyişirQaydalarının pozulmasına dair məhkəmə qərarının mərkəzi informasiya sisteminə yerləşdirilməsi müddəti dəyişir

Məhkəmələrin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar barədə qərarlarının mərkəzi informasiya sisteminə yerləşdirilməsi müddəti dəyişir. AvtoReyd.Az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə

“Formula-1” ilə əlaqədar aprelin 25-dən Bakının bəzi hissələrinə giriş qadağan olunacaq“Formula-1” ilə əlaqədar aprelin 25-dən Bakının bəzi hissələrinə giriş qadağan olunacaq

“Formula-1” üzrə Azərbaycan Qran-prisində konsert və əyləncə proqramlarının Kristal Zalda keçirilməsi ilə əlaqədar Azneft dairəsindən Dövlət Bayraq meydanına qədər olan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. AvtoReyd.Az məlumat verir ki, bunu Bakı Şəhər

İsmayıl Hidayətzadə küçəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib – VİDEO / FOTOİsmayıl Hidayətzadə küçəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib – VİDEO / FOTO

Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi tam olaraq təmir olunub.