Ölkəmizdə nəqliyyat vasitələrinin sayı günü-gündən artır. Bununla yanaşı, sürücülərin qaydalara riayət etməməsi, diqqətsizliyi nəticəsində baş verən yol qəzaları da azalmır. Baş verən qəzalar maddi ziyanlara, insanların xəsarət almasına, ölümə, başqa xoşagəlməz hallara səbəb olur.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-ın suallarını cavablandıraraq deyib ki, yol qəzalarının səbəbi müxtəlifdir.
“Qəzaların baş verməsinin ən başlıca səbəbi hər-hansı hərəkət iştirakçısının yol hərəkət qaydalarını pozmasıdır. Sürət həddinin aşınması, manevr qaydalarının pozulması, ötmə əməliyyatının düzgün aparılmaması və digər səbəblər yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur”.
Maarifləndirmə işlərinin davamlı aparıldığı vurğulayan şöbə rəisi, təkcə qanunları bilmək yox, onlara riayət etməyin da lazım olduğunu bildirib.
“Bu gün ən çox yol-nəqliyyat hadisəsi piyadaların vurulması ilə bağlı olan qəzalardı. Hansı piyada yolun müəyyən olunmamış yerindən keçməyin onun həyatı üçün təhlükə olduğunu bilmir? Amma müşahidə edirik ki, hər istiqamətdə 4-5 zolağı olan, ortasında beton arakəsmələr qoyulan yollarda piyadalar yüksək sürətlə hərəkət edən avtomobillərin qarşısına keçirlər. Bundan başqa, götürək sürət həddinin aşılmasını, bu gün hamı bilir ki, yaşayış məntəqəsində, avtomagistralda, digər yollar sürət həddi neçədir. Sürücülər bütün bunları bilsə də, qaydalara riayət etmirlər.
Bu qədər qəzalar baş verir, bununla bağlı qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə və ən çox da televiziyalarda məlumat verilir. Televiziyalarda qəzalarda dünyasını dəyişən insanlar, xəsarət alanlar haqqında, hadisənin ilkin səbəbləri ilə bağlı məlumat verilir. Əslində bunların hamısı bir təbliğat, maarifləndirici xarakter daşıyır. Belə məlumatları izləyən, sürücülər və piyadalar nəzərə almalıdır ki, heç kim qəzalardan sığortlanmayıb. Bir insanın bir qaydanı pozaması bəlkə də ona adi hal kimi gələ bilər, amma nəzərə alınmadır ki, sürücülərin və piyadaların ciddi hesab etmədiyi qayda pozuntusu son nəticədə faciəyə səbəb ola bilər. Ona görə də bütün yol-hərəkət iştirakçıları yol hərəkət qaydalarına ciddi riayət etməldir”.
Kamran Əliyev bildirib ki, bu ilin ilk 4 ayı ərzində 555 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Baş vermiş 555 qəza nəticəsində 202 nəfər dünyasını dəyişib, 558 nəfər yaralanıb. Ümumilikdə ötən ilin ilk dörd ayı ilə bu ilin 4 ayını müqayisə etsək qəzaların sayı 8, yaralıların sayı 51 fakt azalıb, ölənlərin sayında isə 20 fakt artım var. Konkret olaraq ötən ilin aprel ayı ilə bu ilin aprel ayını müqayisə etsək, hadisələrin sayı stabildir, ölənlərin sayı 1, yaralananların sayı isə 15 fakt azalıb”.
Müsahibimizin sözlərinə görə, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində hər zaman sürücülər günahkar olmur.
“İnsan ölümü və xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olursa, bununla istintaq orqanlarında xüsusi araşdırma aparılır. Araşdırma nəticəsində yalnız müəyyən olunur ki, qəzanın baş verməsində təqsirkar tərəf kimdir. Bu ilin ilk 4 ayının statistikalarına görə, piyada vurulması ilə nəticələnən 279 yol-nəqliyyat hadisələrindən 36-sı sırf piyadaların təqsiri ucbatından baş verib. Bu 36 hadisədə 20 nəfər dünyasını dəyişib, 16 nəfər isə xəsarət alıb.
Bir məsələ nəzərə alınmalıdır ki, sürücü sürücülük hüququnu əldə etmək üçün xüsusi kurs keçir, buna görə də sürücülük vəsiqəsi əldə edir. Amma piyadalar qaydaları bilməyə bilər, bu, onları məsuliyyətdən azad etmir. Sürücünün borcudur ki, hətta müəyyən olunmamış yerdə piyadanı yolun hərəkət hissəsində görürsə, onu vurmamaq üçün mümkün olan bütün tədbirləri görsün. Sürücü mümkün olan bütün tədbirləri görürsə, ancaq bu hadisə qaçılmaz olursa, bu halda sürücü heç bir məsuliyyət daşımır”.