Bu gün Nizami Rayon Məhkəməsinin inzibati binasında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Gənciyev və Xəzail Hüseynovun məhkəmə iclası başa çatıb.
“Report”un məlumatına görə, hakim Amil Dosuyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib.
R.Gənciyevin müfafiəçiləri – Sadiq Rəsulov və Kamandar Nəsibov çıxışında müvəkkilinin təqsiri sübuta yetirilmədiyi üçün onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
X.Hüseynovun vəkili isə hüquqlarını müdafiə etdiyi şəxsin barəsində yüngül cəza verilməsini tələb edib.
Daha sonra məhkəmə kollegiyası hökmü elan edib. Məhkəmənin hökmü ilə X.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib. R.Gənciyevin barəsində isə bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, vəkil Sadiq Rəsulov “Report”a bildirib ki, hadisə 2015-ci ilin aprel ayının 12-də baş verib: “Lənkəran rayon, Sütəmurdov kənd sakini, 1968-ci il təvəllüdlü Gənciyev Rövşən Gülağa oğlu biri azyaşlı olmaqla, 5 nəfərdən ibarət ailə üzvünü taksilik fəaliyyəti göstərməklə dolandırırdı. Onun 25 ildən artıq sürücülük təcrübəsi vardır. Hətta Əfqanıstanda hərbi xidmətdə olarkən də xidmətini sürücü kimi yerinə yetirib. Bu qədər müddət ərzində o, heç vaxt yol-nəqliyyat hadisəsi törətməyib. 12 aprel 2015-ci il tarixində, saat təxminən 22:30 radələrində Rövşən Gənciyev idarə etdiyi “Mercedes E-240” markalı, 99-FK-046 dövlət qeydiyyat nişanlı avomobillə üzü Astara rayonu istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olarkən Lənkəran rayonu Kərgəlan kənd sakini Hüseynov Xəzail Feyruz oğlunun içkili vəziyyətdə idarə etdiyi “VAZ-21063” markalı, 42-BK-708 dövlət qeydiyyat nişanlı avtomaşınla üzü Ələt istiqamətində hərəkətdə olduğunu görüb. Rövşən Gənciyev aralarında təxminən 50 metr məsafə olan zaman o, “VAZ-21063” markalı, 42-BK-708 dövlət nömrə nişanlı avtomobilini yolun əks istiqamətində hərəkət zolağına keçərək, tam sol tərəfə çıxması səbəbindən ilk öncə sürətini azaldıb. O, xəbərdar etmək üçün “VAZ-21063” markalı avtomobilin sürücüsünə “marqat” edib. Daha sonra Rövşən Gənciyev avtomobili yol kənarına keçdiyini görüb öz yoluna davam edib. Həmin “VAZ-21063” markalı, 42-BK-708 dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi maşına çatmağa 4-5 metr məsafə qalmış qəfil onun yoluna istiqamətlənib. Hadisə qəfil baş verdiyi üçün o, avtomobilini saxlaya bilməyərək, həmin maşınla toqquşub”.
Onun sözlərinə görə, hadisə nəticəsində R.Gənciyevin bankdan kredit götürdüyü pulla aldığı və hələ bundan sonra 2 il kreditini ödəmək məcburəyyətində qaldığı avtomobili tam yararsız vəziyyətə düşüb, özü isə qəzadan sağ xilas ola bilib: “Qəzadan sonra maşında olan 6 nəfər şəxsdən sürücü Xəzail Hüseynovun özü, onun həyat yoldaşı Hüseynova Nuranə Adil qızı, övladları Hüseynov Nurlan Xəzail oğlu, Hüseynov Nazim Xəzail oğlu, Hüseynova Nuray Xəzail qızı müxtəlif xəsarətlər alıblar. Lakin Xəzail Hüseynovun maşınında olan digər sərnişinlər İbadova Xalidə Barat qızı və İbadzadə Rəşad Şahab oğlu aldıqları bədən xəsarətlərindən sonra ölüblər. Məlum oldu ki, “VAZ-21063” markalı, 42-BK-708 dövlət nömrə nişanlı avtomobilin sürücü hadisə baş verən anda qəbul etdiyi spirtli içkinin təsirindən komatoz vəziyyətdə olduğuna görə elədiyi hərəkətləri dərk etmək və onu idarə etmək iqtidarında olmayıb. Lakin baş vermiş yol-nəqliyyat hadisəsində heç bir təqsiri olmadığı halda müvəkkilim Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis idarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı Elmar Quliyev tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və Lənkəran Ağır Cinyatlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli, hökmü ilə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və o, məhkəmə zalında həbs edilib. X.Hüseynov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən sonra Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdik”.