Avtoreyd.az bildirir ki, 20 ildən çoxdur ki, Haryanadan olan 45 yaşlı Mədan Ləl sifarişlə paltar tikir. Hindli həyatından şikayət etmir və ayaqlarının köməyi ilə məharətlə bütün gündəlik işlərinin və vəzifəsinin öhdəsindən peşəkarcasına gəlir.
Əlləri olmadan anadan olan və hətta ibtidai təhsil almayan Mədan Ləl 23 yaşında ona biçmə-tikmə öyrədəcək şəxsi axtarmağa başlayıb. Həmin adamı tapsa da, lakin əvvəlcə usta gələcək şagirdinin uğur qazanacağına inanmayıb.
Bir il ərzində paltar tikməyi öyrənən hindli sonradan kəndinə qayıdaraq, emalatxana açıb. O günü Mədan Ləl həyatında ən yaxşı an kimi xatırlayır. Həmin gün insanlar onun dükanına gələrək, hindliyə öz hörmətlərini ifadə ediblər. Doğrudur, aralarında elələri də olub ki, iş başında görməyənədək Mədan Ləlin dərziliyinə şübhə ilə yanaşıblar.
İndi bütün yerli sakinlər öz dərziləri ilə fəxr edir və onun qəhrəman hesab edirlər. Hamı geyim üçün yalnız ona müraciət edir. 45 yaşlı hindli əmindir ki, məhz ətrafındakıların sevgi və dəstəyi ona bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edir.