Avtoreyd.Az Gündəm Aldığınız avtomobilin cəriməsi varsa… – DYP

Aldığınız avtomobilin cəriməsi varsa… – DYP


Avtomobilinin cəriməsi olan şəxs alğı-satqı edərkən cəriməni ödəməlidir.

AvtoReyd.Az xəbər verir ki,bunu Teleqraf.com-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, qayda pozuntusuna görə məsuliyyətə cəlb edilmədə bir neçə amil var:

“Qayda pozuntusunun üstündən 1 il müddət keçməyibsə, həmin qayda pozuntusuna görə avtomobilin sahibi inzibati xətaya yol verdiyi vaxtdan onun haqqında inzibati protokol tərtib edilir. Avtomobil sahibi məsuliyyətə cəlb olunduqdan sonra o, alğı-satqı və digər prosedurları həyata keçirə bilər. Lakin 1 ildən çox vaxt keçsə, protokol yazılmayıbsa, artıq həmin şəxs məsuliyyətə cəlb edilə bilməz. Əksinə, protokol yazılıbsa və onun cərimə olunması barədə Dövlət Yol Polisi tərəfindən qərar çıxarılıbsa, onun müddəti yoxdur. Yəni üstündən 2 il, hətta daha artıq keçsə belə, cərimə həmin şəxsin üstündə qalacaq. Həmin cərimə ödənməlidir”.

Kamran Əliyev bildirib ki, vətəndaş bildiriş almadığını deyirsə, yenidən Dövlət Yol Polisinə müraciət etməlidir:

“Həmin şəxs yenidən DYP-yə müraciət etməlidir. Tərtib olunan cərimənin məbləği, avtomobilin saxlanması barədə qərarın olub-olmaması araşdırılmalıdır. Həmin şəxslər ya bildirişi almırlar və ya qeydiyyatı üzrə ünvanda yaşamırlar, yaxud da bildiriş digər səbəblərdən onlara yetişməyib. Bu o demək deyil ki, həmin dəqiqə inzibati protokol tərtib edilir. Əgər bildiriş avtomobil sahibinə çatmayıbsa, o zaman həmin şəxsin axtarışı üzrə məlumat verilir. Əgər bildiriş çatıbsa, onda protokol həmin şəxsin iştirakı olmadan da tərtib edilə bilər”.

Avto-ekspert Azər Allahverənov deyir ki, avtomobilinin cəriməsi olan şəxs alğı-satqı edərkən istənilən halda bu məsuliyyət birinci şəxsin üzərindədir:

“Həqiqətən elə hallar olur ki, inzibati xətanı törətmiş birisi həmin nəqliyyat vasitəsini etibarnamə ilə digər bir şəxsin ixtiyarına ya da istifadəsinə verir və müəyyən bir vaxtdan sonra bu nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən məlum xətalara görə saxlanılır. Təbii ki, həm xoşagələn, həm də düzgün hal deyil, çünki nəqliyyat vasitəsi onu əvvəl idarə edən şəxsin xətasına görə saxlanılır. Belə olduğu təqdirdə saxladılan sürücü müvafiq qaydada DYP-a müraciət etməli və xətanın onun tərəfindən törədilmədiyini bildirməlidir. Əgər bu vəziyyətdə də həmin şəxsin nəqliyyat vasitəsinin üzərində saxlanılması barədə qərara xitam verilməyəcəksə, birmənalı şəkildə məhkəməyə müraciət olunmalıdır və mübahisə məhkəmə orqanlarında həllini tapmalıdır”.

Ekspert bildirib ki, bu cür hallar yaşanmasın deyə, ən optimalı nəqliyyat vasitəsini alarkən texniki şəhadətnamənin öz adına rəsmiləşdirmək lazımdır:

“Rəsmiləşdirmə prosesi zamanı həmin nəqliyyat vasitəsinin üzərində cərimə sanksiyalarının olub-olmamasını üzə çıxır və cərimələr olduğu halda, onları maşını satan şəxs tərəfindən ödənilməsi təmin edilə bilər. Yox, əgər nəqliyyat vasitəsinin idarə olunması hüququ etibarnamə ilə həyata keçiriləcəksə, belə olduğu təqdirdə ikinci şəxs DYP-yə müraciət etməli və maşının üzərində inzibati sanksiyanın olub-olmamasını aydınlaşdırmalıdır. Birinci sürücü cəriməni ödəmirsə, məsələ məhkəmədə həll edilməlidir”.

AvtoReyd.Az

Related Post