Sakit okeanda tullantılardan əmələ gələn “Çöp adaları” adlı bölgə ölkə statusu almaq üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib.
Ərazisi Fransa boyda olan bölgənin müraciəti qəbul olunarsa, “Çöp adaları” dünyanın 196-cı ölkəsi olacaq.
BMT-yə ünvanlanan tələb “Plastic Oceans Foundation” (Plastik Okeanlar Fondu) tərəfindən irəli sürülüb.
Bölgə “Çöp adaları”nın hökümət qurmaq, digər ölkələrlə əlaqə yaratmaq və daimi əhaliyə sahib olmaq potensialına malik olduğuna əmindir. Rəsmi bir ölkə olmaq üçün artıq lazımi addımlar da atılıb. Belə ki, ölkənin özünə məxsus bayrağı, “Derbis” adlı valyutası, pasportu hazırlanıb.
“Çöp adaları”nın ilk rəsmi vətəndaşı isə “İqlim gerçəkləri” layihəsinin qurucusu və ABŞ prezidentinin köməkçisi Al Qore olub. 100 mindən çox insan isə vətəndaş olmaq üçün könüllü müraciət göndərib.
Bölgə ölkə statusunu qazanmasa belə, böyüyən tullantı probleminə diqqət çəkmək üçün olduqca unikal bir kampaniya hazırlanıb.
Okeanda olan plastik tullantılar sadəcə oradakı canlılara deyil, kiçik parçalara bölündükdən sonra dəniz məhsullarına və dəniz duzuna qarışır, beləliklə, insanlara da zərər verir. Problemin qarşısı alınmasa, 2050-ci ildə plastik tullantının ağırlığı balıqların ağırlığından çox olacaq.
Layihəni irəli sürən insanlar təşəbbüsün axmaqca olduğunu düşünənlərə tövsiyyələrini də əsirgəməyiblər. Onlar insanlara Fransa ərazisi qədər böyük bir ölkənin sadəcə zibildən ibarət olduğunu xatırladıb və bunu xəyalda canlandırmağa cəhd göstərməyə çağırıblar.
publika.az