Şəkidə minik avtomobili piyadanı vurub. Piyada ağır vəziyyətdə körpünün altında aşkarlanıb. Sürücü hadisə yerindən qaçsa da, bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib.
Hadisə ötən axşam Şəkinin Baş Zəyzid kəndində qeydə alınıb. Kənd sakini, 48 yaşlı Kamal Qudalasov ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Kamal Qudalasovu xəstəxanaya aparan şəxs ifadəsində bildirib ki, onu Vərəzət kəndi ərazisindəki körpünün altında ağır vəziyyətdə tapıb. Polisin apardığı ilkin araşdırma zamanı məlum olub ki, Kamal Qudalasov həmkəndlisi Maarif Əhmədovun idarə etdiyi minik avtomobili tərəfindən vurulub. Sürücü Maarif Əhmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.