Bu gün Bakıda yolu keçən piyadanı vuran “Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub.
AvtoReyd.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, “AA 707” seriyası Qaraşovlar ailəsinə məxsusdur.
Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur.
Qəza zamanı sükan arxasında olan sürücünün kimliyi isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Qaraşovun oğlu bir müddət əvvəl “Kapital Bank”ın Nəsimi filialının rəhbəri vəzifəsindən azad olunub, hətta onun ardınca filialın bütün əməkdaşları işdən çıxarılmışdı.
Keçmiş məmurun oğlu hazırda öz şəxsi bizneslərini idarə edir. Yeni fəaliyyət növü kimi nar satışı ilə məşğul olur.
Adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov avtomobil həvəskarı kimi tanınır. Onun avtomobil kolleksiyasında xeyli bahalı avtomobillər var, o cümlədən “Bentley” “Rolls-Royce” və digər markalar yer tutur.