Bu gün metroda sərnişin sıxlığı yaranıb. Özü də bütün stansiyalarında. Sıxlığa səbəb kimi depodan xəttə qatarın qəbul edilməsində yaranan texniki problem əsas göstərilir. Sərnişinlər isə metroda gecikmələrin tez-tez yaşandığını deyirlər.
Səhər saatlarında metronun bütün stansiyalarında sərnişin sıxlığı yaranıb. “Nəriman Nərimanov” stansiyasında isə bir nəfərin halı pisləşdiyi üçün əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb.
Bəs bütün stansiyalarda qatarların gecikməsinə səbəb nə olub? “Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, qatarların gecikməsinə əsas səbəb səhər saat 6-da depodan xəttə qatar qəbul edən zaman texniki problemin yaranması olub.
Nəsimi Paşayev deyir ki, səhər saat 10-da problem tamamilə həll olunub. Metrodan istifadə edən sərnişinlər isə deyirlər ki, bir çox hallarda qatarların gecikməsi səbəbində ya universitetə, ya da işə vaxtında çata bilmirlər.
Qurum rəsmisi isə deyir ki, metroda qatarların gecikməsi bugünkü kimi mütəmadi hal almasa da, bəzi hallarda bu problem yaşanır. Texniki problemləri çıxmaq şərtilə bunun da əsas səbəbi elə sərnişinlərin özləri olurlar.
Nəsimi Paşayev hazırda istifadə olunan qatarların istismar müddəti başa çatdıqdan sonra yeniləri ilə əvəz olunacağını da bildirdi.