Avtoreyd.az bildirir ki, Braziliyanın Serjipi ştatında maşına zərər vuran at “həbs edilib”.
Sahibi Viliamş Fransisko duş Santuş tərəfindən gəzintiyə çıxarılan zaman onlara bir neçə nəfər yaxınlaşaraq at belində gəzmək istədiklərini bildiriblər. Duş Santuş buna etiraz etməyib.
Lakin at gənclərdən biri tərəfindən yəhərləndikdən sonra nədənsə qorxaraq yaxınlıqdakı avtomobilə şıllaq atıb və nəqliyyat vasitəsinə zərər yetirib. Hadisə yerinə gələn polislər heyvanı bölməyə aparıblar.
Polis idarəsinə gələn atın sahibi sevimli ev heyvanını sanki şüurlu bir cinayətkar kimi dəmir barmaqlıqlar arxasında görüb. Viliamş Fransisko duş Santuş şikayət edərək bildirib ki, at ac və susuz şəkildə dar bir qəfəsdə saxlanılıb.
Atı həbsdən yalnız növbəti gün sahibinin avtomobilə dəyən ziyana görə kompensasiyanı ödədikdən sonra azad ediblər.