Avtoreyd.az bildirir ki, Bonhams-ın dekabr ayının 2-də Londonda baş tutacaq hərracında əvvəllər The Beatles qrupunun üzvləri Pol Makkartni və Rinqo Starra, həmçinin Elton Cona və Madonnaya aid nadir avtomobillər satışa çıxarılacaq.
Məlumata görə, ən bahalı lot 1964-cü ildə buraxılan və əvvəlcə Pol Makkartinin mülkiyyətində olan Aston Martin DB5 avtomobilidir. Onun ilkin qiyməti 1,25– 1,50 milyon avrodur (1,66 – 1,99 milyon dollar). Rinqo Starra məxsus 1966-cı il istehsalı olan Austin Mini Cooper ‘S’ maşını isə 90–120 min avro (119–159 min dollar) dəyərində qiymətləndirilir.
Hərraca çıxarılacaq Bentley markasına aid iki avtomobilin sahibi isə bir zamanlar Elton Con olub. 1959-cu il istehsalı olan Bentley S1 Continental, ticarət maqnatı, siyasətçi və televiziya aparıcısı Alan Şuqarın bu avtomobili Alana qədər, düz 25 il müğənninin kolleksiyasında olub. Avtomobil 400 – 500 min avro və ya 530 – 662 min dollar civarında dəyərləndirilir. 1960-cı ildə buraxılan Bentley S2 Continental Flying Spur isə Elton Con tərəfindən daha çox istifadə edilən avtomobillərdən biri olub. Bu maşın isə 160 – 190 min avro və ya 212 – 252 min dollar ətrafında qiymətləndirilir.
Bundan başqa hərraca 2000-ci ildə müğənni Madonna və kino rejissoru Qay Riçinin kəbin kəsmə mərasiminə yola düşdükləri, 1959-cu ildə istehsal edilən Rolls-Royce Silver Cloud avtomobili də çıxarılıb. Onun qiyməti isə 600-800 min arası avro və 795 min – 1,060 milyon dollar təşkil edir.