Paytaxtın bir neçə küçə və prospektində, eləcə də yeni tikiləcək metrostansiyalarda əlillər üçün panduslar quraşdırılacaq.
Xezerxeber.az bildirir ki, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri bu məqsədlə ilkin olaraq paytaxtın mərkəzi hissəsini əhatə edən 5 rayon üzrə 88 küçə və prospektdə monitorinqlər aparıblar. Araşdırma nəticəsində səkilərdə və eyni səviyyəli piyada keçidlərində 534, müxtəlif səviyyəli yeraltı piyada keçidlərində isə 32 ədəd pandus çatışmayan nöqtələr müəyyən edilib.
Qurum rəsmisi Mais Ağayevin sözlərinə görə, Bakıda fəaliyyət göstərən 16 marşrut xətti üzrə 321 ədəd avtobusda bu kateqoriyadan olan sərnişinlərin maneəsiz istifadəsi üçün şərait yaradılıb. Ancaq bu, qurumu qane etmir. Bu sayın artırılması istiqamətində də işlər görülür.
Əlillərin metrodan istifadəsini asanlaşdırmaq üçün “Bakı metropoliteni” tərəfindən də işlər görüləcək.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, yeni tikiləcək stansiyalarının hər birində və təmir ediləcək bütün stansiyalarda fiziki imkanları məhdud şəxslər üçün xüsusi liftlər və digər avadanlıqlar quraşdırılacaq.
Qeyd edək ki, SSRİ dövründə stansiyaların tikintisi zamanı fiziki imkanları məhdud şəxslərin metrodan istifadəsi üçün heç bir şərait yaradılmayıb. Yeni tikilən metrostansiyalardan yalnız “Avtovağzal” və “Memar Əcəmi”də əlillər üçün liftlər quraşdırlıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: