Bakıda 44 saylı marşrut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobusunda azyaşlı uşaq konduktor kimi çalışır. O, avtobusun gedəcəyi əraziləri deyərək sərnişinləri səsləyir. Bu vəziyyət azyaşlıların məcburi əməyə cəlb edilməsi probleminin hələ qaldığını deməyə əsas verir.
Azyaşlı uşağın avtobusda konduktor kimi işləməsini əks etdirən görüntü “Xəzər Xəbər”in votsap nömrəsinə göndərilib.
Xezerxeber.az məlumat verir ki, görüntülər Nizami rayonu ərazisində həmin avtobusdakı sərnişinlərdən biri tərəfindən qeydə alınıb. Görüntülərdən aydın olur ki, uşaq hətta avtobus hərəkətdə olarkən açıq qapıda dayanaraq sərnişinləri çağırır. Vətəndaş “Xəzər Xəbər”ə müraciətində həmçinin qeyd edir ki, azyaşlıların məcburi əməyə cəlb edilməsi yolverilməzdir və bu halların qarşısı alınmalıdır. “Balaca uşağın dərsdən sonra konduktor işlədiyini gördüm. Uşaqdan soruşuram ki, dərsdən neçə alırsan. Deyir iki. Hətta qiymət dəftərinə baxdım. Yazı xətti bərbad gündəydi, qiymətləri də 2-3. Sürücülər o uşaqğı niyə işə götürürlər? Valideynin xəbəri varmı, yoxmu, artıq bu, sual altındadır. Xahiş edirik uşaqların hüquqlarının pozulmasına yol verilməsin”,-deyə vətəndaş müraciətində qeyd edir.
Qeyd edək ki, bu kimi hallar həm cinayət, həm də inzibati xətalar məcəllələrində öz əksini tapıb. Əgər uşağın məcburi əməyə cəlb edilməsi halı ilk dəfə baş verirsə və onun sağlamlığına təsir etmirsə, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və belə şəxslər 100-300 manat məbləğində cərimələnir.
Cinayət Məcəlləsinə görə isə, bu hal ardıcıl baş verərsə və uşağın sağlamlığına zərər vuran hansısa bir amil varsa, belə hallara yol verən şəxslər 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edilir.
Həmin görüntünü təqdim edir: