Avtoreyd.az bildirir ki, Çində yanğınların söndürülməsi üçün nəzərdə tutulan dünyanın ən böyük AG600 amfibiya-təyyarəsi ilk test uçuşunu müvəffəqiyyətlə başa vurub.
Təyyarə Çinin cənub əyaləti olan Quandunun, Çjuxay şəhərinin aeroportundan havaya qalxıb. O, havada 64 dəqiqə vaxt keçirib, uçuşun maksimal hündürlüyü isə 3 min metr təşkil edib.
Təyyarəni, göyərtəsində texniki əməkdaşlardan ibarət komanda olan digər hava gəmisi müşayiət edib. Sınaq zamanı əsasən təyyarənin uçuş xüsusiyyətləri, manevr qabiliyyəti və sabitliyi yoxlanılıb. Təyyarədə dörd ekipaj üzvü olub.
Çin AG600-n yığılmasını ötən ilin iyul ayında yekunlaşdırıb, təyyarə Çjuxay şəhərində konveyerdən enib.
Hava gəmisi yalnız Çində deyil, həm də dünyada belə texnika nümunələri arasında ən böyüyüdür. O, yanğınların söndürülməsi və suda xilasetmə işlərinin keçirilməsi üçün nəzərdə tutulub.
Bundan başqa, AG600 dəniz mühitinin monitorinqi, sərnişin və yük daşınmaları, həmçinin faydalı qazıntı yataqlarının kəşfiyyatı məqsədləri üçün əlavə avadanlıqla təchiz edilə bilər.
Dörd turbovintli mühərriklə təchiz edilən təyyarə, göyərtəsinə 20 saniyə ərzində 12 ton su toplaya bilir. AG600-n maksimal uçuş çəkisi 53,5 ton, korpusunun uzunluğu 39,3 metr, qanadlarının açılması 38,8 metr, uçuşunun maksimal müddəti 4,5 min kilometr təşkil edir.