Avtoreyd.Az Gündəm Yüzlərlə yeni avtobus alınıbsa, adambaşına 1 manatlıq taksilərin sayı niyə artır?

Yüzlərlə yeni avtobus alınıbsa, adambaşına 1 manatlıq taksilərin sayı niyə artır?


Son illər Bakının müxtəlif istiqamətlərinə sərnişindaşıma xidməti göstərən taksilərin sayı xeyli artıb. Ucuz taksi xidməti göstərən taksilərin də sayı həmçinin. Bundan əlavə, sərnişindaşımaya yüzlərlə yeni, müasir avtobuslar cəlb olunub, yeni marşrut xətləri açılıb. Lakin bütün bunlara baxmayaraq, adambaşına 1 manata sərnişin daşıma xidməti göstərən taksilərin də sayı çoxalıb.

Məsələn, əvvəllər 1 manatlıq taksilər daha çox metronun “20 yanvar” stansiyasının yaxınlığına toplaşır və Sumqayıta, yaxud “Sədərək” və “Binə” ticarət mərkəzlərinə sərnişin daşıyırdılar.

İndi isə Bakının bir çox ərazilərində belə taksilər dayanır və sərnişin gözləyirlər. Buna sübut olaraq metronun “Azadlıq” stansiyasının yaxınlığına toplaşıb kənd Binəqədiyə, Mehdiabada, “20 yanvar” stansiyasının yaxınlığına toplaşıb Xırdalan və Masazıra, “Koroğlu” stansiyasının ətrafına toplaşıb Məhəmmədiyə, Mərdəkana, Hövsana adambaşına 1 manat, 1 manat 50 qəpiyə, 2 manata sərnişin gözləyən taksiləri göstərmək olar.

Yüzlərlə sürücü bu işdən ailəsinə çörəkpulu qazanır. Hər halda onlar müştəri qıtlığından əziyyət çəkmirlər. Minimum götürsək, hər gün səhər 1, axşam da 1 manat verib işə bu taksilərlə gedib-gələnlər var.

“Şirkətlər üçün sərfəli hesab olunmur”

Mövzu ilə bağlı “Yeniavaz.com” saytına nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov açıqlama verib: “Şübhəsiz, səbəblərdən biri odur ki, bu, iqtisadi cəhətdən insanlara sərfəlidir. Çox rahat şəkildə həmin taksilərin xidmətlərindən, yəni ucuz xidmətlərindən istifadə etmək istəyən insanların sayı kifayət qədərdir. Nə qədər çox insan olsa, bir o qədər bu kimi fəaliyyətlər təklif eləyən taksilərin sayı çoxalacaq. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, şəhərin mərkəzi rayonlarında taksi xidmətlərini həyata keçirən şirkətlərin müəyyən etdiyi məbləğ var. Ona görə də bir növ həmin şirkətlər üçün sərfəli hesab olunmur sözügedən ərazilərə həmin qiymətə sərnişin aparmaq. Onlar şəhər daxilində müştəri daşımaqla daha çox qazanırlar. Bu da nəticə etibarilə o şirkətlərin həmin ərazilərdə fəaliyyətsizliyinə gətirib çıxarır. Həmin boşluğu da dolduran fiziki şəxslər var. Onlar siz dediyiniz kimi, adambaşına 1 manata, 1 manat 50 qəpiyə, 2 manata taksi xidməti göstərirlər. Onlar orada gözləyirlər və 4 nəfər sərnişin olduqdan sonra yola düşürlər. Məsələni şərtləndirən amil iqtisadi cəhətdən sərfəli olması, həmin ərazilərdə digər taksi xidmətlərini həyata keçirən şirkətlərin olmamasıdır. Ona görə də bu boşluq haqqında danışdığımız sürücülər tərəfindən tutulub”.

Sərnişinlər üçün sərfəlidir?

Problemin digər vacib səbəbinə gəlincə, Azər Allahverənov bunları dedi: “Mənim fikrimcə, bu, istənilən halda sərnişinlər üçün sərfəlidir. Xüsusilə ona görə ki, həmin ərazilərdə lazımi sayda avtobuslar yoxdur, avtobuslar vasitəsilə sərnişindaşıma xidmətləri zəif həyata keçirilir. Bu da taksi xidmətlərindən istifadəni şərtləndirən amillərdən biridir. Təbii ki, əgər – optimal cəhətdən deyirəm, həmin ərazilərdə ictimai nəqliyyat sektoru yaxşı inkişaf eləsə, Bakının digər rayonlarında istifadədə olan, yeni, müasir tələblərə cavab verən o istiqamətlərə avtobuslar rahat hərəkətdə olsa, insanları daşısa, hər kəs 20 qəpik ödəməklə onların xidmətindən istifadə eləyər. Təəssüflər olsun ki, Bakıətrafı qəsəbələrdə avtobusların hərəkəti ilə bağlı narahatlıq doğurucu məlumatlar yayılmaqdadır. Elə qəsəbələr var ki, ora ümumiyyətlə avtobus işləmir. Avtobuslar arasında intervallar çox olduğuna görə sərişinlər dayanacaqda xeyli vaxt itirirlər, sıxlıq olur. 1 saata 1 avtobus gəlirsə, qəsəbənin, sərnişinlərin avtobusa olan ehtiyacını tam ödəmir. Səbəblər məhz bu kimi məsələlərlə əlaqəlidir. Problemin həlli üçün aidiyyəti qurumlar çözüm yolu tapmalıdırlar”.

AvtoReyd.Az

Related Post