Dünən bayram tətilinin sonuncu günü olduğundan avtomobillərin sıxlığını nəzərə alan polis yollarda nəzarəti gücləndirib. Bəzi ərazilərdə dumanlı hava olduğundan yol patrul xidmətinin əməkdaşları təhlükəsizliyi qorumaq üçün sərnişin avtobuslarını müşayiyət edib.
Təhlükəsizliyi təmin etmək üçün sərnişin avtobusları patrul avtomobilləri ilə müşayiət olunub.
Yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib. Bayram tətilinin sonuncu günündə yollarda yarana biləcək sıxlığı və təhlükəli vəziyyəti nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin göstərişi ilə bir neçə patrul avtomobili respublikanın magistral yollarına çıxaraq sürücülərə kömək ediblər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, Yol-Patrul Xidməti Alayının hər bir tağımının şəxsi heyəti öz ərazilərinə daxil olan avtobusları 8-10 maşından ibarət qrup halında müşaiyət edərək növbəti tağıma təhvil verib. Beləliklə həmin avtobuslar növbəli şəkildə Sumqayıt şəhərinə, eyni zamanda, Bakının girşinə qədər müşaiyət olunub.
Qarşıda patrul avtomobili olduğu üçün Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Astara yolu ilə hərəkət edən avtobuslar eyni sürət rejimində və bir cərgə üzrə tam təhlükəsiz şəkildə sərnişinləri mənzil başına çatdırıblar. Ən böyük yük isə yol polisinin Qaradağ, Saray və Zarat postlarının üzərinə düşüb. Hər iki istiqamətdə gün ərzində 200-dən artıq avtobus və mikroavtobus müşaiyət olunaraq Bakıya yola salınıb. Mikroavtobuslarla rayonlara səyahət edən xarici ölkə vətəndaşları, eləcə də yerli turistlər və sərnişinlər yol polisinin bu addımını müsbət qiymətləndiriblər. Elə sürücülər də təhlükəsizlik baxımından müşaiyətlə hərəkəti üstün tutublar.