Avtoreyd.az bildirir ki, Türkiyənin paytaxtı Ankarada açılan qeyri-adi kitabxana atılmış zavodun ərazisində yerləşir və arzu edən hər kəs üçün əlçatandır.
Bütün kitablar zamanında, onları atılmış əşyaların arasında aşkar edən zibil yığanlar tərəfindən xilas edilib. Bundan başqa, kitabların yerbəyer edildiyi stellajlar və rəflər, hətta divarlardakı rəsm əsərləri belə zibilliklərdən gətirilib. Qeyd etmək lazımdır ki, bütün əşyalar dəqiq yoxlama və emaldan keçib.
Hazırda kitabxanada ən müxtəlif janrlarda təxminən 6000 kitab var. Burada yalnız türk dilində deyil, həmçinin ingilis və fransız dillərində olan kitablar da var. Lakin, kolleksiya daim zənginləşir. Çünki yaxınlıqda yaşayan insanlar bu maraqlı ideyaya elə yoluxublar ki, şəxsi kitablarını bura fəal şəkildə hədiyyə edirlər.
Kitabxananın yaradıcılarından biri deyib ki, onlar həmkarları ilə birgə bir neçə ay əvvəl zibillikdən kitabları xilas etməyə başlayıblar. Çünki, işçilər üçün müxtəlif bilik xəzinələrinin zibil yeşiyinə necə atıldığını görmək çox ağrılı idi.