38 saylı marşrutun avtobus sürücüləri Nərimanov rayonu Ağa Nemətulla küçəsindən tuneldən çıxıb (Nərimanov məhkəməsi istiqamətində) Arif Heydərov küçəsinə hərəkət edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Geri dönmək üçün yer 50 metr irəlidə (Nərimanov məhkəməsinin qarşısı) olsa da avtobus sürücüləri sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ataraq “qoşa xətti” tapdalayırlar.
“Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin tələbinə əsasən, 1.3 nişanlanma xətti (bütöv qoşa xətt) hər iki istiqamətdə hərəkət üçün dörd və daha çox hərəkət zolağı olan (yəni qarşılıqlı hərəkət olan və eyni istiqamətli zolaqlarının sayı ən azı 2 olan) yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırmaq üçün tətbiq edilən qaydaları pozurlar.
Modern.azsaytının əməkdaşı 25 yanvar saat 17:00 radələrində həmin ərazidə avtobusların qayda pozuntusunu əyani şəkildə izləyib. Yarım saat ərzində 38 saylı marşrut üzrə hərəkət edən, dövlət nömrə nişanları 90-TG-907, 90-TG-997, 90-TG-808, 90-TG-998 olan avtobus sürücüləri eyni qaydanı pozublar.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması maddəsinə əsasən, həmin sürücülər 60 manat və 3 bal cərimə olunmalıdır.
Həmin görüntüləri sizə təqdim edirik: