Bakıda növbəti sərnişin-sürücü qalmaqalı yaşanıb. Sürücü dayanacağın qarşısından yolun hərəkət hissəsinə çıxan sərnişinlərə biraz kənarda durmalarını bildirib. Bu zaman sərnişinlərdən biri sürücünü təhqir edib. Görüntülər avtobusun təhlükəsizlik kamerasına düşüb.
Sərnişinlər dayanacaqda yox, yolun hərəkət hissəsində dayanıblar.
”Baku-Bus”a məxsus avtobusla dayanacağa girmək istəyən sürücü çətinlik çəkir.
Bu barədə məlumatı qurumun mətbuat katibi Mənsur Piriyev sosial şəbəkədə yayıb. Bildirib ki, hadisə fevralın 8-də, 5 saylı marşrut xətti üzrə hərəkət edən avtobus Nəsimi rayonunda dayanacağa yaxınlaşarkən baş verib.
Sürücü dayanacağın qarşısından yolun hərəkət hissəsinə çıxan sərnişinlərə biraz kənarda durmalarını bildirir. Bu zaman avtobusa minən qadın sərnişin sürücüyə etiraz edir.
Qadınla sürücünün mübahisəsinə digər bir kişi sərnişin müdaxil edib. Videogörüntüdən aydın olur ki, avtobusun hərəkət zolağına çıxan sərnişinlər öz həyatlarını təhlükəyə atmaqla yanaşı avtobusun dayanacağa daxil olmasına maneə yaradır, hətta bir sərnişin avtobusun onların üzərinə sürüldüyünü iddia edərək sürücünü təhqir edir.
Məsələ o həddə çatıb ki, əraziyə xidmətdə olan polis əməkdaşları gəliblər. Polisin müdaxiləsi ilə ara sakitləşib, sürücü yoluna davam edib. Qeyd edək ki, bu cür hallar avtobusun sünü şəkildə dayanacaqda ləngiməsinə, öz zolağında hərəkət imkanlarını məhdudlaşdırmasına və bədbəxt hadisələrə də gətirib çıxara bilər.