Avtoreyd.az bildirir ki, dar küçədə yüksək sürətlə hərəkət edən Bentley Continental GT pensionerin avtomobilinə çırpılıb. Hadisə Britaniyanın Bakinqhemşir qraflığındakı Emerşem şəhərciyinin qədim hissəsində, Çiltern-Hils rayonunda baş verib.
Ford Kuga idarə edən 74 yaşlı Tim Edvards qarşıdan gələn avtomobillərə yol verdikdən sonra küçə boşaldıqda, hərəkətə gəlib. Bu zaman qəfildən döngədən yüksək sürətlə hərəkət edən Bentley peyda olub. Bordürə çıxan maşın iki saniyədən sonra düz Tim Edvardsın avtomobilinə çırpılıb.
Bentley Continental GT sürət həddinin saatda 30 kilometrədək icazə verildiyi yolda, 137 ilə hərəkət edirmiş. Qəzadan sonra bahalı avtomobilin 46 yaşlı sürücüsü Riçard Plam hadisə yerindən qaçsa da, maşındakı qan ləkələri sayəsində tapılıb.
Qeyd edək ki, Riçard Plam 2017-ci ilin payızında, təhlükəli avtomobil idarə etdiyini və yol-nəqliyyat hadisəsi yerindən qaçmaq cəhdini etiraf edib. 2018-ci ilin yanvarında isə o, 14 aylıq həbsə məhkum olunub. Bundan başqa 46 yaşlı sürücüyə dörd il yeddi ay ərzində avtomobil sürmək də qadağan olunub.