Avtoreyd.Az Dörd çarx SOCAR-ın sürücüləri təlimlərə cəlb olunurlar -Foto

SOCAR-ın sürücüləri təlimlərə cəlb olunurlar -Foto


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat Departamentinin ərazisindəki eko-sürücülük simulyatorunun açılış mərasimi keçirilib.

AvtoReyd.Az xəbər verir ki, mərasimdə iştirak edən SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, bu layihə şirkətin və BMT-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Onun sözlərinə görə, Fransanın EDİSER şirkətinin quraşdırdığı qurğu vasitəsilə SOCAR-ın sürücüləri təlim keçəcəklər.

“Sürücülər təlim keçdikdən sonra yanacağa qənaət edirlər. Bununla da atmosferə atılan karbon emissiyasının miqdarını ildə 1 500 ton azaltmaq mümkündür. Bu, ekoloji cəhətdən mühüm layihədir. Layihənin icrasına sabahdan başlanılacaq və SOCAR-ın 1 000-ə yaxın sürücüsü təlim keçəcək. Bütün növ sürücülərin təlim keçməsi nəzərdə tutulub”.

BMT-nin İnkişaf Proqramının rezident mümayəndəsinin müavini Alessandro Frakassetti isı deyib ki, eko-sürücülük layihəsi yeni nəqliyyat vasitəsini idarə etmək mədəniyyətini də ehtiva edir. Üstəlik bu layihə yanacağa və maliyyəyə qənaət etməyə imkan verir: “Layihə vasitəsilə bir milyon manata yaxın vəsaitə qənaət etmək mümkündür. Layihə hər kəs üçün faydalı olacaq. Bunu ölkə səviyyəsində həyata keçirmək daha faydalı ola bilər”.

Onun sözlərinə görə, layihə 4 il müddətinə nəzərdə tutulub: “Enerjiyə qənaət etməklə dəyişikliklərə nail olmaq istəyirik. Naliyyət əldə edəcəyiksə, bunu ölkənin digər bölgələrində də tətbiq edəcəyik”.

Qeyd edək ki, Qlobal Ekoloji Fondun (GEF) maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının və SOCAR-ın birgə həyata keçirdiyi “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində işlənən komponentlərdən biri SOCAR-da Dayanıqlı Nəqliyyat Proqramıdır.

GEF-in layihə ssenarisi həmin komponent üzrə SOCAR-ın nəqliyyat sistemində enerji səmərəliyi və təhlükəsiz sürücülük üslublarının təqdim olunmasını nəzərdə tutur. Beynəlxalq təcrübəyə əsasən, enerji səmərəliliyi və təhlükəsiz sürücülük mövzusunda təlim keçmiş sürücülər nəqliyyat vasitələrinin emissiyalarını ən azı 10-15% azaltmaq imkanına malik olurlar. Bu da uzun müddətli perspektivdə SOCAR-ın nəqliyyat effektivliyini inkişaf etdirməyə imkan verəcək. GEF layihəsi yanacaq növünün əvəzlənməsinə pilot investisiyalar qoyulmasında yardımçı olacaq və nəqliyyat sektorunda karbon qazının buraxılışını və eləcə də enerji intensivliyini azaltmaq mövzusunda ekoloji-sürücülük (eco-driving) təlim proqramları təşkil edir. Təlim proqramı beynəlxalq təcrübəyə əsaslanaraq işlənib-hazırlanıb, SOCAR-da avtomobillərin idarə edilməsi sahəsində çalışan işçilərin böyük bir qismini əhatə edəcək. Bu fəaliyyət nəticəsində “Eko-sürücülük üzrə Milli Proqram”ın işlənib-hazırlanacağı gözlənilir.

Layihə çərçivəsində, 4 ədəd hibrid tipli minik avtomobili SOCAR-ın sürücülərinin ixtiyarına verilib. Eko-sürücülük metodologiyası üzrə sürücülərə həm nəzəri, həm də praktiki təlimlərin keçirilməsi üçün eko-sürücülük simulyatoru SOCAR-a təhvil verilib.

“Report”

Related Post

Zərdab rayonunda 11 km uzunluğunda avtomobil yolu yenidən qurulur (Video+Foto)Zərdab rayonunda 11 km uzunluğunda avtomobil yolu yenidən qurulur (Video+Foto)

Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində verdiyi tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı islahatlar aparılır. Çünki Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən

Bu yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaqBu yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan 20:00-a qədər Bakının Xəzər rayonunun Zağulba qəsəbəsinə gedən yolun 28-ci km-də (Mərdəkan körpüsündən qəsəbə istiqamətində) aparılacaq yol-təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq. Bu barədə AvtoReyd.Az-a Azərbaycan Avtomobil Yolları