Azərbaycanda gözlənilən ilk pullu yol- Ələt-Astara-İran sərhəddi avtomobil yoluna alternativ çəkilən magistral, yayda istifadəyə veriləcək. “Azəravtoyol” ASC-nini mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Real Tv-yə verdiyi məlumata görə, artıq 205 km-lik yolun böyük bir hissəsi istifadəyə verilib:
“Hazırda kiçik bir hissəsində- Şorsulu –Cəlilabad hissəsində işlər davam etdirilir. Yol alternativindən 38 km daha qısadır. Sürücülər mənzil başına daha tez və rahat çata biləcəklər.”
Anar Nəcəfli bildirdi ki, hazırda Bakı-Quba –Rusiya sərhəddi yoluna da alternativ magistral çəkilir. Uzunluğu 157 km olacaq bu yol Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhəddinə qədər davam edəcək. Ötən ilin dekbarında Prezident İlham Əlivein iştirakı ilə təməli qoyulan yolun 2020-ci ildə təhvil veriləcəyi gözləninlir.
Hər iki magistralın alternativinin olması onların pullu olacağını istisna etmir. “Azəravtoyol” ASC hökümətə bununla bağlı təklifərini verib. Nəzərdə tutulub ki, Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra həmin alternativ yol da, əsaslı şəkildə yenidən qurulsun. Alternativ yolun əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Ələt-Astara-İran sərhəddi yolu, eləcə də Bakı-Quba –Rusiya sərhəddi yoluna pullu ola bilər.
Azərbaycanın coğrafi mövqeyinə görə tranzit ölkə olduğunu nəzər alsaq, bu yolların istifadəyə verilməsi dövlət büdcəsinə kifayət qədər əlavə vəsaitin daxil olmasına imkan yaradacaq. Pullu yollardan gələn gəlir, həmin yolların saxlanmasına, eləcə də yeni yolların inşasına imkan verəcək.
Dünya təcrübəsində geniş istifadə edilən pullu yolların əsas üstünlüyü, daha rahat və təhlükəsiz olmasıdır. Bu, dünya təcrübəsində çoxdan öz təsdiqini tapıb. Nəqliyyat sahəsi üzrə mütəxəssis Azər Allahverənovun fikrincə, dünya təcrübəsində olduğu kimi, pullu yollar ənənəvi yollardan təkcə kefiyyətinə görə deyil, daha qısa və sürət həddinin daha yüksək olması ilə də fərqlənməlidir:
“Müəyyən olunan məbləğ o həcmdə olmalıdır ki, insanlar hansısa bir ödəniş etməkdən çəkinməsinlər. Tutaq ki, mən hansısa ünvana tez şatmaq istəyirəmsə, əlavə 5-10 manat ödəniş edərəm ki, tez çatım. Bundan çəkinmərəm. Digər tərəfdən, həmin yollarda infrastruktur yaradılmalıdır ki, insanlar məsrəf etməkdən çəkinməsin və o infrastrukturun verdiyi imkanlardan yararlana bilsinlər”
Azər Allahverənovun fikrincə, bu baxımdan yolda bir sıra istirahət mərkəzləri, rahat giriş-çıxışı olan yanacaqdoldurma məntəqələri, digər iaşə obyektləri olmalıdır. Ölkəmizdə yeni çəkilən yollarda da bu və digər şərtlər nəzərə alınıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Real Tv-yə bildirib ki, yeni yol daha qısa və sürətli olacaq və bu yol pullu olduğu halda, ondan istifadə edən sürücülər heç də maddi baxımdan itirməyəcəklər:
“ Yeni yol daha qısa və sürətli olacaq. Sürücülərin ödədikləri məbləğ təxminən digər yolda yanacaqda itirilənə bərabər olacaq. Yeni yol yaşayış məntəqələrindən keçməyəcək. Əsas yaşayış məntəqələrində yol qovşaqları olacaq. Əlavə giriş-çıxış olmayacaq. İlk dəfə olaraq, həmin yollarda istirahət zonaları yaradılır. Əgər pullu olması ilə bağlı təklif qəbul olunarsa, giriş-çıxışlarda turniketlərin qurulması və digər şeylər nəzərə alınacaq”
Xüsusilə Avropa ölkələrində geniş yayılan pullu yollar “A” hərfi ilə işarə olunur. Pulsuz alternativ magistralları isə “N” hərfi ilə tanımaq olar.
Dünya təcrübəsində pullu yollar dövlətlə yanaşı özəl sektor tərəfindən çəkilir ki, bu da dövlətin investisiya yükünü bir qədər azaltmış olur. Eyni zamanda pullu yollardan dövlət kifayət qədər gəlir əldə etmək imkanı qazanır. Yəni pullu yollar özəl şirkətlər tərəfindən idarə olunsa belə, əldə olunan gəlirlərdən büdcəyə yüksək məbləğdə vergilər ödənilir. Məsələn, Türkiyədə pullu yollardan ildə ən azı 550 milyon dollara yaxın gəlir əldə edilir ki, bunun 70 faizə qədəri avtomobil yollarının, qalanı isə körpülərin payına düşüb. Əldə olunan gəlirlərin 10%-i ərazisindən pullu yollar keçən bələdiyyələrə verilir.
Pullu yollarda yol haqqı tunellərdən, körpülərdən və estakadalardan keçidə görə alınır. Tariflər nəqliyyat vasitəsinin növündən və məsafədən asılı olaraq dəyişir.
Avtomobil pullu yola daxil olarkən sürücü avtomat vasitəsilə talon alır. Orada avtomobilin pullu yola məhz haradan daxil olduğu göstərilir. Avtomobil pullu yoldan çıxarkən, qət edilmiş məsafə hesablanaraq yol haqqı ödənilir.
Bəzi ölklərdə isə pullu yollardan çox istifadə edən avtomobillərin qabaq şüşələrinə xüsusi CİP yerləşdirilir. Artıq o yola daxil olduqda avtomatik olaraq gedişhaqqı hesablanır. Yoldan çıxdıqda isə hesablanan məbləğ avtomatik olaraq həmin şəxsin hesabından çıxılır.
Çində pullu yollar təcrübəsindən geniş istifadə olunur. Avropa ölkələrindən Xorvatiya, İsveçrə, Serbiya, İtaliya və Portuqaliyada ödənişli avtomobil yolları daha çox yayılıb. Məsələn, İsveçrədə ümumi avtomobil yollarının 2,7%-i pullu yolların payına düşür. Fransa və Almaniyada sürücülərin yarıdan çoxu ödənişli yollardan istifadə edir. İspaniyada pullu avtomagistralların uzunluğu 10 min kilometrdən artıqdır. Mütəxəssislərin fikrincə, bunlar Avropada ən keyfiyyətli yollardır.
Ödənişli yollardan keçmiş sovet ölkələrində də istifadə olunur. Bu gün Rusiya, Ukrayna, Latviya, Estoniya, eləcə də Belarusda bu cür yollar geniş yayılıb.
Real TV