Bayram günləri baş verən yol qəzalarının statistikası açıqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, 6 günə Respublika yollarında 42 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 10 nəfər ölüb, xeyli insan isə xəsarət alıb.
Ən çox qəza bayramın ilk günündə baş verib. Respublika ərazisində martın 20-də 12 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər ölüb, 16 nəfər ağır xəsarət alıb.
Bu barədə ”Xəzər Xəbər”ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.
Qeyd edək ki, qəzaların çoxu magistral yollarda və rayonlarda baş verib. Bu günlərdə paytaxda isə ümumiyyətlə xəsarətlə nəticələnən qəza qeydə alınmayıb.
Sabah bayram tətilinin sonuncu günü olduğu üçün, bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təhlükəsizliyi təmin etmək məqsədilə patrul avtomobilləri ilə rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobusları müşayiət edir.
Kamran Əliyev onu da bildirdi ki, Baş Dövlət Yol Polisi İdarəsi rəisinin göstərişi ilə bütün rayonlarda patrul avtomobilləri avtovağzalların qarşısında dayanaraq paytaxta gələn avtobus sürücülərinin sağlamlıq sənədini və avtobusun texniki sazlığını yoxlayır. Bütün bunlara baxmayaraq yol polisi bir daha sürücülərə diqqətli olmağı tövsiyə edir.
Sürücülər, bütün bu deyilənlərə əməl edin ki, yolda xoşagəlməz hadisə ilə üzləşməyəsiniz.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: