İrandan Azərbaycana gizli yollarla narkotik vasitələrin keçirilməsi hallarının qarşısının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sabunçu rayon sakini Çingiz Mansurovun İrandan Azərbaycana narkotik keçirməsi barədə məlumat daxil olub. Əməliyyat nəticəsində həmin şəxs saxlanılıb və onun üzərindən 51,42 qram, mənzilindən isə 123,42 qran heroin aşkarlanaraq, götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ç. Mansurovla cinayət əlaqəsinə girərək narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha iki nəfər – paytaxt sakinləri Emin Tağıyev və əvvəllər məhkum olunmuş Azad Dadaşov saxlanılıb. A. Dadaşovun yaşadığı evə baxış zamanı 560,328 qram heroin götürülüb.
Müəyyən olunub ki, dəstə üzvü Ç. Mansurov bir müddət əvvəl şəxsi avtomobili ilə dövlət sərhədini keçərək İran İslam Respublikasına gedib. Ç. Mansurov orada Cəmşid adlı şəxslə cinayət əlaqəsinə girərək 1 kiloqrama yaxın heroini satmaq üçün Azərbaycana gətirmək barədə razılığa gəlib. Bu məqsədlə heroin Ç. Mansurovun avtomobilinin arxa təkər sistemində gizlədilib və ölkəyə keçirilib.
Narkotikin satışı isə E.Tağıyev və A.Dadaşov tərəfindən təşkil olunmalı imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.