Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər hazırlanıb. İşıqlı və işıqqaytaran funksiyası olan həmin jiletlər 500 metrə qədər məsafədən aydın görünəcək. Bu geyimin hazırlanmasında məqsəd təmizlik işçilərinin xüsusi ilə erkən saatlarda yolları süpürərkən sürücülər tərəfindən vurulması faktının qarşısını almaqdır.
İlin əvvəlindən bu günə qədər Bakı şəhərində 3 yol təmizlik işçisini avtomobil vurub. Bu qəzalar zamanı 1 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb.
Paytaxt ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması hallarının qarşısını almaq məqsədi ilə yol polisi qabaqlayıcı tədbirlər görüb. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi idarənin vəsaiti hesabına xüsusi jiletlər alıb.
Vaqif Əsədov onu da bildirdi ki, əgər təmizlik işçiləri bu gödəkçələrdən düzgün istifadə etsələr yol nəqliyyat hadisələrinin baş verməsi minumuma enər. Həmin jiletlərin ilkin olaraq 100-ədədi, sürətin yüksək olduğu aeroport yolunu təmizləyən kommunal-təsərrüfat birliyi işçilərinə təqdim edilib.
Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər bu gün paytaxtın bütün rayonlarında komunal işçilərinə paylanacaq.
Onu da qeyd edək ki, həmin jiletlər istifadəyə yararsız hala düşdükdə yol polisi yenisini kommunal-təsərüffat birliyi işçilərinə təqdim edəcək.