Kürdəmir rayonunda Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun inşasına start verilib. AvtoReyd.Az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytına istinadən məlumatına görə, Kürdəmirdə bu il nəzərdə tutulan yol layihələri 15 minə yaxın vətəndaşın yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən 71.2 km uzunluğunda avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 6 mindən artıq əhalinin yaşadığı 7 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki yolun torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.
37.2 km uzunluğa malik avtomobil yolunun 29.2 km-lik hissəsi deformasiyaya uğramış qara örtük olduğu üçün həmin hissədə yol yatağı qazılaraq çıxarılır, 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri 20 sm qalınlıqda qum-çınqıl qarışığı ilə aparılır. Daha sonra yol əsasının üst layının 12 sm qalınlıqda optima-qırmadaş qarışığı ilə aparılması nəzərdə tutulub.
Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün 72 paqon-metr müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur. Bundan başqa yolda yerləşən 2 və 4 aşırımlı 2 avtomobil körpüsünün əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görüləcək işlərin siyahısındadır.
Torpaq işləri bitəndən sonra yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılacaq.
Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə 8 ədəd avtobus dayanacağının tikilməsi, 120 ədəd yol nişanının, 37 ədəd km göstəricisinin və 95 ədəd məlumatverici lövhənin, həmçinin 1480 ədəd siqnal dirəyinin quraşdırılması, 100 km-dən çox ağ və sarı xəttin çəkilməsi işləri aparılacaq.