“Formula-1” yarışı ilə əlaqədar müxtəlif vaxtlarda paytaxda bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bir qisim yollar isə nisbətən daraldılacaq. Bu arada, artıq yarışla bağlı satışa çıxarılan biletlərin çox hissəsi də satılıb.
Bu gecə “Azneft” dairəsində tribunanın tikintisi ilə əlaqədar olaraq kiçik radiuslu dairə quraşdırılacaq və həmçinin burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq. Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar aprelin 7-dən 8-ə keçən gecə isə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq.
Hazırlıq işləri səbəbindən aprelin 9-u gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi də nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bundan başqa, aprelin 11-dən 12-nə keçən gecə Neftçilər prospektinin dəniz vağzalının qarşısına düşən hissəsində yolun hərəkət hissəsi daraldılacaq.
“Formula-1” yarışı günlərində bulvar ərazisinə giriş qadağan olunacaq. Yalnız bileti olan vətəndaşlar bulvar ərazisindən istifadə edə biləcəklər. Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin sözlərinə görə, “Formula-1” yarışı ilə əlaqədar artıq biletlərin çox hissəsi satılıb.
Əsasən Rusiya, Böyük Britaniya, Almaniya, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən bilet alanların sayı çoxdur. Bilet alışında Azərbaycan vətəndaşları ilk onluğa daxildir. Qeyd edək ki, 3-cü “Formula 1” Azərbaycan Qran Prisi 27-29 aprel tarixləri arasında keçiriləcək.