Günün pik saatlarında “BakuBus” MMC-nin 6 nömrəli marşrut avtobuslarında sərnişin sıxlığı yaranır. Bəzən sıxlıq elə həddə çatır ki, avtobusun qapısı güclə bağlanır.
Sakinlər sürücülərin intervalı nəzərə almadığını və yalnız avtobus dolandan sonra hərəkət etdiklərini deyirlər. Sakinlərin bir qismi isə bu cür sərnişin sıxlığını marşrut xəttindəki avtobusların az olması ilə əlaqələndirirlər.
Şikayətçilərin sözlərinə görə, onlar dəfələrlə “Alo 141” Çağrı Mərkəzinə müraciət etsələr də avtobuslara normadan artıq sərnişin mindirilir.
Sərnişinlər təklif edir ki, gün ərzində sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin iş yerlərinə və istədikləri məkana vaxtında, eyni zamanda rahat çatmasını təmin etmək üçün avtobusların hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirib ki, Bayıl-Azadlıq prospekti metrostansiyası istiqamətində olan bu marşrut xətti üzrə gün ərzində sərnişinlərə 25 nəqliyyat vasitəsi xidmət edir: “Xətt üzrə avtobusların hərəkət sxeminin müəyyən hissəsi şəhər mərkəzindən keçir. Günün pik saatlarında isə həmin yollarda nəqliyyatın hərəkətində sıxlıq olur. İntervaldakı gecikmə də məhz buna görədir. Yəni xətt üzrə yetərincə avtobus var sadəcə yollardakı sıxlıq gecikmələrə səbəb olur”.
http://www.youtube.com/watch?v=J8xpuqj7xGY
bizimyol.info