Oxucularımızdan biri AvtoReyd.Az saytına ünvanladığı məktubda qeyd edib ki, bu gün paytaxtın Tbilisi prospekti ərazisində onun avtomobilinin yan şüşələrinin tündlüyündən sübhələnən xidmət apardığı avtomobilin dövlət nömrə nişanı 317 olan DYP inspektoru, nəqliyyat vasitəsini protokol tərtib edilmədən və heç bir ölçü götürülmədən cərimə meydançasına yerləşdirib. Səbəb kimi yan şüşələrin tündlüyünün normadan artıq olduğu deyilib. Sürücü soruşanda ki, bəs aparatsız siz necə müəyyən etdiniz? “Mənim gözüm məni aldatmır” cavabını alıb… Maraqlısı odur ki, həmin sürücü şəhər DYP-na getdikdə, “Sabah müfəttiş sizinlə cərimə meydançasına gedəcək və orada şüşələrin tündlülüyü ölçüləcək” kimi cavab alıb. Soruşanda ki, niyə sabah? “Aparat bir dənədir və bu gün iş günü deyil” deyilib.Qeyd edək ki,sürücü tərəfindən bizə ünvanlanan müraciətdə avtomobilin yan şüşülərinin zavod istehsalı olduğu bildirilir. Xatırladaq ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklərin (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.
Bu Qanunun tələblərinə əsasən, işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.
Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:
Küləyə qarşı şüşələr üçün – 75 %
Küləyə qarşı olmayan digər şüşələr üçün – 70 %
Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.
Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.
Şəkil bizə oxucumuz tərəfindən göndərilib. Ardı var…