“Müasir meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir”.
Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, məqsəd, bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır.
Görülən işlərin səmərəli olması üçün inkişaf etmiş şəhərlərin təcrübəsi də öyrənilir. Bu məqsədlə Türkiyənin İstanbul şəhərinin İSBAK (İstanbul İnformasiya və Ağıllı şəhər Texnologiyaları) şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə baş tutan səfər çərçivəsində İSBAK şirkətinin mütəxəssisləri Nəqliyyatı İntellektual İdarəedilməsi Mərkəzi ilə tanış olub. Nəqliyyatın idarə edilməsi sahəsində mövcud vəziyyət, çatışmazlıqlar və onların həlli yolları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
İSBAK mütəxəssisləri Bakı Nəqliyyat Agentliyinin həyata keçirəcəyi layihələrin uğurla reallaşmasına hər tərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.