Dünən axşam və bu gün günün birinci yarısında metronun işləməməsi səbəbindən yerüstü nəqliyyata hər zamankından daha çox tələbat yaranıb və təbii olaraq, dayanacaqlarda sıxlıq yaşanıb. Bu vəziyyətdə ziddiyyətli bir durum ortaya çıxıb. Belə ki, bəzi insanlar dayanacaqda dayananlara təklif ediblər ki, getdikləri istiqamətə onları pulsuz aparsınlar. Ancaq bunun əksinə olaraq, qiymətləri bir neçə dəfə artıran taksi sürücülərinə də rast gəlinib.
Metronun və Bakı-Sumqayıt qatarının işləməməsindən sui-istifadə edən bəzi taksi sürücüləri qiymətləri qaldırıb.
Ötən gün axşam saatlarında yenidən elektrik enerjisinin verilməsində yaranan problem səbəbindən həm Bakı metropoliteni, həm də Bakı-Sumqayıt qatarları fəaliyyətlərini bir müddətlik dayandırıb. Bu səbəbdən minlərlə sərnişin avtobus dayanacaqlarına üz tutduğundan burada sərnişin sıxlığı yaranıb.
Sıxlıqda qalmamaq üçün bəzi vətəndaşlar taksidən istifadə etmək məcburiyyətində qalıblar. Bunu fürsət bilən bəzi taksi sürücüləri qiymətləri hətta 2 dəfə qaldırıblar.
Taksi sürücülərinn bəziləri isə sərnişinlərin iddiaları ilə razılaşmayaraq deyirlər ki, heç bir qiymət artımı olmayıb.
Bakı-Nəqliyyat Agentliyindən isə “XəzərXəbər”ə bildirildi ki, problemdən xəbərdardırlar və hazırda əməkdaşlar məsələni araşdırırlar.