Avtoreyd.Az Gündəm “Ənənəvi televiziyalar öz internet versiyalarını yaradacaqları halda  uğur əldə edəcəklər… Televiziya heç nəyi dəyişmir, dəyişəni göstərir” – “APA-Holding”in prezidenti Vüsalə Mahirqızı (Foto)

“Ənənəvi televiziyalar öz internet versiyalarını yaradacaqları halda  uğur əldə edəcəklər… Televiziya heç nəyi dəyişmir, dəyişəni göstərir” – “APA-Holding”in prezidenti Vüsalə Mahirqızı (Foto)


“Tamaşaçı  iki monitordan mütləq birini seçir. Bu yalnız bizdə yox, bütün dünyada belədir. İnsanlar artıq çoxdan  öz monitorlarını seçiblər. Bu, kompüter monitorudur. Hətta kompüter də deyil, telefon ekranıdır”.

“APA-Holding”in prezidenti Vüsalə Mahirqızının AvtoReyd.Az-a eksklüziv müsahibəsi.

Son zamanlar auditoriyanın  internet televiziyaya artan marağının başlıca səbəbi nədir?

Əsas səbəb ondan ibarətdir ki, auditoriyanın internetə olan marağı artıb. Ümumiyyətlə, informasiyanı internet üzərindən almağa maraq artıb. İlk olaraq ondan başlayaq ki, bu, bir yayım vasitəsidir. Əvvəllər çap üsulu məşhur idi və kitablar, broşürlər, qəzetlər buraxılırdı. Sonradan tezliklər vasitəsi ilə yayım həyata keçirildi və televiziyalar yarandı. Daha sonra peyk yayımı meydana gəldi. Üçüncü və hələ ki, kütləvi yayım vasitəsi kimi ən dəbdə olanı internet və ünsiyyət qurmaq üçün daha çox mobil yayım vasitələridir.  Hazırda yayım vasitəsi kimi internet ən məşhurudur. İnternet üzərindən yayılan təkcə televiziya və ya görüntü deyil. Xəbər, əlaqələşmə, məlumatlandırma və s. məsələlərdə də internet bu dəqiqə öndədir. İnsanlar hətta bir biri ilə fikirlərini belə internet vasitəsi ilə bölüşürlər. Mobil əlaqə vasitəsinin daxilində belə ünsiyyət saxlamaqdan daha çox internet üzərindən əlaqəyə üstünlük verilir. Yəni insanların həyatının böyük bir hissəsini bütünlüklə internet üzərindən virtual əlaqə və məlumatlandırma tutur. Buna görə də bu yayım vasitəsi ilə olan hər şey maraqlıdır. O cümlədən də internet tv.

İnternet televiziya tamaşaçısı (auditoriyası) daha çox nəyə üstünlük verir? Canlı yayıma, yoxsa  baxa bilmədiyi verilişləri ofline rejimdə izləməyə? 

Bu baxır toxunulan mövzunun nə ilə bağlı olmasına. Azərbaycanda hazırda sosial şəbəkələrdən ən aktual olanı facebook, youtube və instagram-dır. Twitter, skype, telegramm və ya Rusiyaya məxsus vkontakte, odnoklassniki ölkəmizdə bir o qədər də məşhur deyil. Məsələn, watsapp da məşhurdur. Amma bizdə daha çox ünsiyyət  saxlamaq üçün istifadə olunur. Lakin xəbərin yayılması, digər kütləvi məlumatların  alınması üçün watsapp Azərbaycanda elə də məşhur deyil. Telegramm da eyni ilə, ölkəmizdə şəxsi xəbərləşmə və yazışma vasitəsi kimi istifadə olunur. Amma qonşu İranda Telegramm internet media üzərindən xəbərlərin yayıldığı, əldə olunduğu ən əsas mənbələrdən biridir. Xəbər saytlarının, agentliklərin demək olar ki, hamısının botları var. İranda az qala 40 milyona yaxın şəxs Telegramm-dan istifadə edir və məlumatı da oradan alır. Azərbaycanda isə sosial şəbəkələrə giriş sərbəst  olduğundan əlaqə əsasən facebook, youtube, instagram üzərindəndir. Məlum olduğu kimi, instagram-da böyük həcmli canlı yayımlarla bağlı məhdudiyyətlər olduğu üçün, yalnız qısa, anons xarakterli videolar yayılır. Bizdə videogörüntülərin yayıldığı məkan əsasən facebook və youtube-dir. Bu gün facebook-un Azərbaycanda 2 milyona qədər istifadəçisi var və demək olar ki, ölkənin bütün ictimai həyatı, gündəmi facebook-da  müəyyənləşir. Əgər siz gündəmdə olan aktual bir məsələ ilə bağlı canlı yayım həyata keçirirsinizsə, onu çox adam izləyəcək. Çünki insanlar həmin mövzu ilə maraqlanır, ətraflı məlumat almaq istəyirlər. Həmin an canlı yayım həyata keçiriləndə, bu, marağı ikiqat artırır və adamlar izləməklə yanaşı, həm də interaktiv olaraq münasibət bildirir, suallar ünvanlayırlar. Məsələn, APA TV-də verilən suallar dərhal səsləndirilir. İnternet televiziyanın ənənəvi televiziyalardan üstünlüyü də bundan ibarətdir. Yəni tamaşaçı təkcə izləyici olaraq deyil, həm də ekspert olaraq həmin verilişin, müzakirənin iştirakçısına çevrilir. Bu üzdən də canlı yayımın effekti budur. Bir də konkret verilişlər var ki, öncədən çəkilir. Bu verilişlər üçün gündəm məsələsi, zaman məsələsi yoxdur. Məsələn, APA TV-də yayımlanan “Səsli tarix” verilişi. Burada müzakirə edilən mövzular illər öncə də aktual olub, hazırda da aktualdır, gələcəkdə də aktual olacaq. Bu tip verilişlərə insanlar ofline rejimdə, daha sərbəst vaxtlarında, daha sakit vaxtlarında, özləri üçün fasilə verdikləri vaxt baxmağa üstünlük verirlər. İnternet tv-nin 2-ci üstünlüyü də budur. Yəni tamaşaçı hansısa bir veriliş və ya xəbəri vaxtında izləyə bilməyibsə, artıq keçdi deyə bir anlayış yoxdur. Çünki bir müddət sonra həmin verilişi ofline rejimdə internet tv-nin saytında və ya youtube kanalındakı hesabında izləyə bilər. Yəni informasiya tamaşaçının yanından ötüb keçmir. Bu baxımdan ofline da izlənən verilişlər var. Amma gündəm verilişlərinə daha çox canlı yayımda baxırlar. İndiki halda, məsələn, APA TV-ni monitorinq edəndə əksər verilişlərin nəinki canlı yayım vaxtı, hətta sonra da çox baxıldığını görürük.

Bəzən uzun müddət internetdə şəxsi domenə malik hansısa media qurumu, müəyyən səbəblər üzündən fəaliyyətini dayandırmalı olur. Bu zaman onun contenti də silinir. Amma ənənəvi KİV-lərdə bu problemin olmadığı deyilir. Sizin bununla bağlı fikirləriniz.

Məsələ bundan ibarətdir ki, əgər burada iş hər sahədə olduğu kimi standartlara uyğun peşəkar səviyyədə qurulubsa, problem yoxdur. Yenə deyirəm, internet sadəcə yayım vasitəsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq, hətta 2000-ci illərin əvvəllərinə kimi ölkəmizdə çoxlu sayda qəzet çıxırdı. Qeydiyyatdan keçən qəzetlərimizin sayı hətta 3 minə çatırdı. Lakin biz bu gün dövlət arxivlərində araşdırma aparsaq, orada 20-30 qəzetin tam arxivinə rast gələ bilərik. Çünki digər qəzetlər nüsxələrini arxivlərə təqdim etmədiyindən, qorunmaq imkanları olmayıb və məhv olub gediblər. Elə qəzetlər də var ki, onların bir nüsxəsini belə tapmaq  mümkün deyil. Amma ölkə daxilində işıq üzü görən hər bir qəzet dövlətin tarixidir. Yaxud da ənənəvi hansısa bir televiziyanın arxivi var və nəzəri olaraq o da mümkündür ki, həmin arxiv bir günün içində məhv ola bilər. Və ya müəyyən müddətdən sonra həmin arxivlərin lentlərinin köçürülməsi lazımdır. Çünki həmin lentlərin, kasetlərin istismar müddəti var. Zaman keçdikcə əgər köçürülməzsə, həmin arxiv yazılarının təkrar istifadə olunması mümkün olmayacaq. Hazırda ümumiyyətlə vəziyyət belədir ki, televiziyalarımızın 20-30 il əvvəl formalaşmış arxivlərini bu gün oxumaq üçün sadəcə olaraq yeni texnika icad olunmur. Yeni çıxan texnikalar isə HD, full HD formatındadır. O üzdən də köhnə çəkilişləri oxumaq mümkün deyil. Belə desək, fiziki olaraq onlarla  da əlaqə kəsilib. Bu, yalnız internetə aid deyil. Bu gün internet aktualdır deyə, biz bu problemi görürük. Nəzəri olaraq yayımda olan bütün materialların məhv olma təhlükəsi var. O ki qaldı internetə, internet yayımı vasitəsi ilə olan məhsulların qorunması ənənəvi media ilə müqayisədə daha önəmli, imkanları geniş və asandır. İnternetdə bununla bağlı vəziyyət necədir? Sizin istənilən halda hansısa bir məhsulunuzu həm özünüzdə, həm back up deyilən əlavə kartlarda saxlamaq, nəhayət youtube sosial şəbəkəsində  lisenziyalaşdırmış formada qorumaq imkanınız var. Məsələn youtube-də APA TV-nin, “APA Holding”in rəsmi hesabı var və oradakı məlumatlarımız xüsusi şəkildə qorunur. İnternet yayım məhsullarının mühafizə olunması daha asandır və bunun bir çox yolları var. Sadəcə istəyənlər üçün. Elə televiziyalar da var ki, hazırladıqları videoməhsulu arxivləşdirmir və sabah domenin haqqını ödəmədikdə də hər şey silinir. Söhbət işini peşəkar səviyyədə görən şirkətlərdən gedirsə, həmin müəssisələr mütləq öz məhsullarının qorunması üçün bir neçə qarantiya yolu seçirlər.

Ölkəmizdə internet televiziyalarla bağlı vəziyyət nə yerdədir? Sizcə internet tv-yə nə dərəcədə tələbat var?  Götürək elə lisenziya məsələsini və ya peyk vasitəsi ilə yayımı.

 

Burada iki fərqli məsələ var. Birincisi, Azərbaycanda internet tv-yə nə qədər tələbatın olması. Ümumiyyətlə, internetin populyar olduğu bir ölkədə, internetdə yayılma imkanı olan bütün vasitələrə ehtiyac var. Əvvəllər bizdə insanlar internetdə xəbər oxuyur və bununla da qane olurdular. Çünki seçimlər bir o qədər də çox deyildi. Sonradan fotoların yerləşdirilməsi və geniş yayılması müşahidə olundu. İnsanlar da daha çox görmək istədilər. Hazırda müasir dünyada tendensiya belədir ki, insanlar yalnız hadisəni  görmək və ya onunla bağlı nəsə oxumaq istəmirlər, həm də baş verənlərin iştirakçısı olmaq istəyirlər. İnternetin də ən böyük üstünlüyü bundan ibarətdir. Hadisənin canlı iştirakçısı olmaq üçün onu izləyiciyə göstərmək lazımdır. Görüntüləri internet istifadəçilərinə orada olduğunu hiss elətdirəcək qədər təbii göstərmək lazımdır. İnternetdəki interaktivlik hər kəsə baş verən prosesin iştirakçısına çevrilmək imkanı yaradır. İnternet tv-lər sistemli bir işdir, bir sənayedir, media vasitəsidir. İnsanlar da bundan istifadə edir. Əgər yayım vasitəsi internetdirsə, fərqi yoxdur hansı televiziyadır ənənəvi və ya internet, eyni prosesdir, sadəcə biri peyk, digəri isə internet üzərindən yayımlanır. Söhbət ondan gedir ki, bu gün artıq sosial şəbəkələr vasitəsi ilə canlı yayımın həyata keçirilməsi, facebook və youtube-nin bunu təmin etməsi ona gətirib çıxarır ki, az qala hər kəsin televiziyası var. İnternet tv yaratsan nə olacaq, yaratmasan nə olacaq? Yəni insanların əlindəki kameralı telefon istənilən şəxsə maraqlı olan məkandan canlı yayım həyata keçirmək və özünün də birbaşa iştirakçısı olmaq, bloger qismində çıxış edərək, fikir bildirmək imkanı verir. İnternet tv-nin, sadə dillə desək ev üsulunda hazırlanan materiallardan fərqi ondan ibarətdir ki, burada iş sistemli şəkildə qurulub. Peşəkar jurnalist yanaşması, hadisələrə münasibət, qarşı tərəfin mövqeyi, xəbər meyarlarına əməl olunma, keyfiyyətli görüntü, studiya və s. amillər var. Bu baxımdan da hesab edirəm ki internet tv-lərin fəaliyyəti getdikcə daha da genişlənəcək. Çünki insan iki monitordan mütləq birini seçir. Bu yalnız bizdə yox, bütün dünyada belədir. İnsanlar artıq çoxdan  öz monitorlarını seçiblər. Bu, kompüter monitorudur. Hətta kompüter də deyil, telefon ekranıdır. Orada nümayiş ediləcək məhsul isə internet tv-nin məhsuludur. Ənənəvi tv-ni orada görmək olmur. Bunu ediblərsə, biz onların seçdikləri müstəvidə də izləyicilərə məhsul təqdim etməliyik. Görüntülü xəbər məhsulunun da adı internet tv-dir. Burada qeyri-adi bir şey baş vermir. O ki qaldı peyk və yayım məsələsinə, bu tamamilə başqa bir şeydir. Bunun internet tv-yə ümumiyyətlə aidiyyatı yoxdur. Adından da göründüyü kimi internet tv-nin işi internetdə yayımlanmaqdır. O, peykdə yayım lisenziyası, tezlik alırsa, bu artıq həmin tv-ni internet tv statusundan çıxardır. Onda olur peyk televiziyası, ümumrespublika yayım televiziyası. Bunun da internetlə heç bir əlaqəsi yoxdur.

Azərbaycanda  online tv-nin yaradılması üçün nə qədər vəsait tələb olunur? Xarici ekspertlərin  hesablamalarına görə bu növ telekanalların ərsəyə gəlməsi üçün 2-3 milyon, hətta yaxşı bir layihəni reallaşdırmaq istəyirsənsə 10 milyon dollara yaxın vəsait tələb olunur.

Məsələ bundan ibarətdir ki, baxır siz nə yaradırsınız. Bu gün sosial şəbəkələrin verdiyi imkan sayəsində telefon vasitəsi ilə də internet kanalı yarada bilərsiniz. Sonra da mütəmadi olaraq həmin kanalda canlı yayımla çıxış edərək, fikirlərinizi bölüşə, çəkdiklərinizi göstərə, peşəkar blogerlik fəaliyyəti ilə məşğul ola bilərsiniz. Bu da sizin üçün internet tv. Bununla bağlı da heç kəs sizə, heç nə demir. Həvəskar kamera da daxil olmaqla, bir stul və masadan istifadə etməklə internet tv yaratmaq mümkündür. Burada xərclər min manatdan başlayaraq, milyonlara qədər arta bilər. Söhbət studiyası, peşəkar quruluşu, çəkiliş pavilyonları, güclü texnikası olan tv-dən gedirsə, bizdə də bu məbləğ 2-3 milyon civarındadır. Dediyim kimi klassik tv ilə internet tv arasında heç bir fərq yoxdur. Eyni studiya, eyni texnika, eyni yayım formasıdır. Sadəcə yayımın tamaşaçıya çatdırılması arasında fərq var. Bir də müasir və bahalı texnikaya, həmçinin sürətli internet təminatına ehtiyac var. Birində ötürücü peykdir, digərində isə internet.

İxtisaslaşmış internet televiziyanın Azərbaycanda perspektivləri varmı?

Hesab edirəm ki, var. Ümumiyyətlə, media maraqlardır. Bizi kim oxuyur? Bizi maraqlandıran adamlar. İnsanların informasiya ilə bağlı iki maraq dairəsi var. Bir, ümumi olaraq nə baş verir? Bununla bağlı istər qlobal, istər lokal səviyyədə məlumat almaq istəmək. Bir də hər kəsin fərdi maraq dairəsi var. Misal üçün  din, tarix, tibb, ədəbiyyat və s. Xəbər agentlikləri, informasiya saytları qlobal məlumatlandırma ilə məşğuldurlar. Lakin medianın funksiyası ondan ibarətdir ki, o, hər bir təbəqəyə müraciət etməli, hər bir maraq dairəsini əhatə etməlidir. Burada demək olmaz ki, yeni yaradılan ixtisaslaşmış internet tv-nin “APA-Holding” boyda yayımı olacaq. Yox, bu mümkün deyil. Amma hansısa bir sahəyə aid olan internet televiziyanın olmasının heç bir problemi yoxdur. Məlumatlandırma, yayımın həyata keçirildiyi həmin sahə üzrə mütəxəssislərin orada olması, bu sahə ilə maraqlanan insanların müraciət etməsi çox yaxşıdır. Medianın ixtisaslaşması kifayət qədər müsbət bir haldır.

Sizcə inkişaf etməkdə olan internet  televiziyaların  əsas gəlir mənbəyi nə olacaq? Yalnız reklam, yoxsa onlar da digər dövlətlərdə olduğu kimi ödəniş əsasında fəaliyyət göstərəcək.

İnternet tv-lərin gəlir mənbəyi əlbəttə, reklamdır. Ümumiyyətlə, medianın gəliri reklamdandır. Qeyd etdiyiniz kimi abunəçilik də daxildir. Bundan başqa internet tv, promoməhsulların satışı ilə də məşğul ola bilər. Yəni reklam xarakterli xarakterli reportajların, çarxların hazırlanması və yayımı  və s. Çox önəmli bir mənbə də var, bu da youtube kanalıdır. Əgər youtube-də internet tv-nin abunəçiləri çox olarsa, materiallar mütəmadi olaraq yenilənərsə, bildiyiniz kimi youtube kanalında reklamlardan da gəlir əldə etmək mümkündür. Yeri gəlmişkən facebook hazırda həmin məsələ üzərində çalışır. Facebook yayımlanacaq orijinal videoların üzərində öz reklamlarını yerləşdirməyi planlaşdırır və buna görə də videokontentə çox həssas yanaşır. Amma bunların içində bir əsas önəmli məsələ də var ki, bu da videokontentin orijinal olmasıdır. Artıq burada copy paste, digər media qurumların videogörüntülərinin istifadə edilməsi kimi hallar müəllif hüquqlarına ziddir. Youtube də buna ciddi şəkildə nəzarət edir. Kontentin orijinal olması üçün mütləq kollektiv olmalı, peşəkar iş qurulmalıdır. Sadalananlar varsa youtube-də yaxşı vəsaitin qazanılması mümkündür.

İnternet televiziya  ənənəvi televiziya ilə rəqabət apara bilirmi və ya biləcəkmi?

İnternet tv-nin qarşısında elə bir məqsəd yoxdur ki, ənənəvi tv ilə mübarizə aparsın. Amma o rəqabət olacaqsa, gələcəkdə mənim gördüyüm odur ki, burada uduzan ənənəvi tv olacaq. İndiki halda dünyanın CNN kimi nəhəng media qurumu hətta, sosial şəbəkələrdən istifadə etmək məcburiyyətindədir. Artıq sosial şəbəkələrdə baş verənlər, ənənəvi televiziyaların gündəm mövzusuna çevrilir. Bu da o zaman effekt verir ki, həmin material yenidən sosial şəbəklərə qayıdaraq, təkrar müzakirə obyektinə çevrilir. Ölkəmizə gəldikdə isə bu gün ölkə tv-lərinin hazırladıqları materialların müəyyən bir hissəsinin yerli saytlar tərəfindən yerləşdirilməsini və sosial şəbəkələrdə müzakirəyə çıxarılmasını görürük. Hansı ki, sonradan həmin materiallar gündəmə çevrilir. Amma bəzən verilişin özündə bundan  daha sərt məqamlar olur, lakin gündəmə çevrilə bilmir. Bu isə onu göstərir ki, sosial şəbəkə və internet media, artıq media dominantlığını əldə edib. İnternet televiziyaların yayılma arealı çox böyükdür. Onların yayılması üçün ölkə məhdudiyyəti yoxdur, tezlik məhdudiyyəti yoxdur. Hətta, əgər siz orijinal videokontentin xam materialının özünü yayımlayırsınızsa belə, bu zaman tərcümə problemi yaşanmır. Orijinal kontent varsa, onun internet üzərindən yayılması, baxılması imkanları çoxdur. Bizim elə materiallarımız da var ki, dünyanın nüfuzlu media qurumları onları APA-ya istinadən yayıb. Bu gün biz hansısa materialı əldə etmək istəyiriksə, hansısa bir yeniliklə maraqlanırıqsa, istər video və ya mətn olsun, hansısa bir televiziyanın arxivinə müraciət etmirik. Lazım olan materialı axtarış sistemi vasitəsi ilə əldə edirik. Gələcək internet tv-nindir. Ənənəvi televiyalar o zaman uğur əldə edəcəklər ki, öz  internet versiyalarını yaradacaqlar. Bu da artıq ənənəvi televiziya deyil, internet tv-dir. Artıq internet elə bir mərhələyə gəlib çıxıb ki, hər şey bu kontentin üzərindən gedir. Hətta, bu gün fikir verirsinizsə, dünyanın 10 milyarderindən 5-i online resurs yaratmış şəxslərdir. Nəinki məlumatlandırma, həmçinin dünya iqtisadiyyatının böyük bir hissəsi də internet üzərindən dövr edir. Bütün bunlar onu göstərir ki, bu, artıq bir mərhələdir, hansını ki biz keçmişik. Gələcəkdə internet yayıma uyğun adaptasiya olunan qurumlar yaşayacaq.

 Hazırda dünyada geniş vüsət alan online televiziyanın Azərbaycanda gələcəyi varmı, və bunu necə görürsünüz?

Var, əlbəttə var. Ümumiyyətlə, gələcək online görüntünündür. Bunun tv forması da ola bilər, pərakəndə forması da. Azərbaycanda sosial şəbəkələr azaddır, internetə çıxış sərbəstdir. Peşə təcrübəmə əsaslanaraq deyə bilərəm ki, vətəndaşlarımız yalnız məlumatlanmağı deyil, məlumatlandırmağı da sevir. Bəzən elə bir məkanda olursan ki, sıravi insanlar jurnalistlərdən də yaxşı məlumat verirlər. İnsanlarımız informasiya ötürməyi, başqalarını məlumatlandırmağı, proseslər haqqında fikir yürütməyi, şərh etməyi çox sevirlər. Ümumiyyətlə, savad göstəriciləri yüksək olan cəmiyyətlər, məlumatlandırma üçün açıq olurlar. Belə bir cəmiyyətdə internet yayımı üzərindən olan hər şeyin gələcəyi var. O cümlədən də internet tv-nin.

Bu gün internet televiziya aləmində ən ağrılı problemlərdən biri də piratçılıqdır. Sizin buna münasibətiniz və fikirləriniz.

Bunu peşəkarlıqla əlaqələndirirəm. Mətbuat Şurası tərəfindən Azərbaycan jurnalistlərinin peşə davranış kodeksi də qəbul olunub. Bununla bağlı ən çox çağırış edən media qurumlarından biri də “APA –Holding”dir. Ona görə ki, ölkədə ən çox xəbər yayan media qurumu APA-dır və bunun əziyyətini də ən çox biz çəkirik. Hesab edirəm ki, bu bir etika məsələsidir. İnsanlar başa düşməlidirlər ki, başqalarının əşyasını oğurlamaq nə qədər ayıbdırsa, onların əməyinin, zəhmətinin məhsulunu oğurlamaq ondan iki qat artıq ayıbdır. Bu məsələ maarifləndirmə yolu ilə öz həllini tapacaq. Müəyyən bir dövr bizim səbirli olmağımız lazımdır. Eyni zamanda müəllif hüquqları ilə də bağlıdır. Çox şadam ki, yeni yaradılan Əqli Mülkiyyət Agentliyi bununla məşğul olacaq. Ümumiyyətlə, əqli mülkiyyətin internetdə qorunması çox ciddi bir məsələdir. Bu, yalnız xəbər məlumatlarına aid deyil. Ayrı-ayrı sənət adamlarının özlərinin xəbəri olmadan belə, onların adına youtube-də hesab açılır, kanal fəaliyyətə başlayır, müəllif hüquqları əldə edilmədən, həmin şəxslərə aid materiallar yerləşdirilir. Ən dəhşətlisi odur ki, bunun sayəsində reklam vasitəsi ilə pul qazanılır. Həmin şəxslərin isə bundan heç xəbəri yoxdur. Bu məsələdə internet tv-dən söhbət gedirsə, ən çox köməyimizə çatan youtube-dir. Çünki youtube müəllif hüquqları məsələsinə çox ciddi yanaşır. Açığı bu həm də bizim əməkdaşlarımızın peşəkarlığı üçün vacibdir.  Çünki biz bilirik ki, orada müəllif hüquqları qorunan hansısa musiqilərdən, görüntüdən icazəsiz istifadə etsək, dərhal həmin videomaterial youtube tərəfindən bloklanacaq. Buna görə də o seçiciliyi məcbur olub, hətta bizim əməkdaşlar belə edirlər. Biz buna qarşı çox diqqətliyik. Youtube-də APA TV-nin 160 min abunəçidən çox  kanalı var. Onun bağlanmasını və ya hansısa sanksiya ilə üzləşməsini istəmirik. Kaş ki, facebook da tətbiq etsin bunu. Yeri gəlmişkən facebook bir müddət müəllif hüquqları ilə bağlı qadağaları tətbiq etdi. Nəticədə Azərbaycanda bir neçə böyük səhifə icazəsiz paylaşımlara görə silindi. Əslində böyük sosial şəbəkələrin bunu etməsi çox yaxşıdır. Çünki kiçik media qurumlarını stimullaşdırırlar ki, müəllif hüquqlarına hörmət etsinlər. Digər tərəfdən youtube həm də imkan verir ki, media qurumu olaraq öz müəllif hüquqlarımızı da qoruyaq.  Müəllif hüquqları məsələsi çox önəmli bir məsələdir və peşəkarlığın birinci göstəricisidir. İnsanların əməyinə hörmət etmək lazımdır. Amma çox təəssüf ki, son zamanlar yaradılan bir çox media qurumlarının əksəriyyətinin rekvizitlərini tapmaq mümkün deyil. Onlar  icazəsiz videomaterialları götürərək, loqolu və ya loqsuz yayımlayır, pul qazanmağa çalışırlar. Bununla mübarizə aparmaq üçün Hüquq departamenti yaratmışıq. Hesab edirəm ki, bu problemlə ayrı-ayrı media qurumları məşğul olmamalıdır. Mətbuat Şurası və yeni yaradılan Əqli Mülkiyyət Agentliyi müntəzəm seminarlar keçirməli, maarifləndirmə işləri və monitorinqlər aparmalıdır. Yekun  nəticələrə əsasən Müəllif Hüquqları Agentliyi tərəfindən lazım gəldikdə sanksiyalar da tətbiq edilməlidir. Biz yalnız bu formada və qanuni yolla mübarizə apara bilərik.

İnternet tv auditoriyasının ənənəvi  televiziya tamaşaçısından  əsas fərqi nədir?

Tamaşaçı həmin tamaşaçıdır. Əgər srağa gün qəzet oxuyurdusa, dünən ənənəvi televiziyaya baxırdısa, bu gün internet tv-ni izləyir. Dünyada texnologiyalar yenilənir. Əgər dünən internetdən məlumat almaq üçün kompüterdən istifadə edilirdisə, bu gün böyük əksəriyyət telefondan istifadə edir. Bəlkə sabah ümumiyyətlə ağlımıza gəlməyən yeni bir texnika icad olunacaq. Bununla da tamam başqa bir yayım vasitəsi meydana çıxacaq. Hələ ki, ən sonuncu olan internetdir. Belə desək, əsrin inqilabı budur. Sadəcə olaraq burada tamaşaçının bir fərqi var. Bu da nədən ibarətdir? Əgər ötən onilliklər ərzində insanların vaxtı çox idisə və ənənəvi tv-də rahat şəkildə istədiyi verilişə baxa bilirdisə, bu gün vəziyyət dəyişib. Hazırda insanlar baş verən hadisələrdən vaxtında xəbər tutmaq istəyirlər. Çünki müasir texnologiyalar buna imkanı verir. Artıq əksəriyyət xəbərlərin xüsusi buraxılışlarını gözləmədən, əllərində olan telefon vasitəsi ilə dünyada baş verənlər haqda saytlardan məlumat ala bilirlər. Bir tamaşaçı olaraq insanların istəkləri dəyişib, məlumat alma formaları dəyişib, zaman anlayışı dəyişib. İndi insanlar nəqliyyat vasitəsində yol gedə-gedə həm xəbər oxuyur, həm də video izləyirlər.

Bu gün online tv-nin yəni internet televiziyanın hansı problemləri mövcuddur?

Bizim ölkəmizdə əsas problem yəgin ki, son zamanlara qədər internetin sürəti məsələsi idi. Bildiyiniz kimi, videogörüntülər ağır kontent olduğu üçün internetin sürətli, tariflərin isə ucuz olması lazımdır. Son bir-iki il ərzində artıq belə bir problem mövcud deyil. Çünki tariflər enib, həm də ən ucqar bölgələrimizdə belə internet əlçatandır. Qiymətlər bir az da ensə daha yaxşı olardı, o zaman insanlar internetdən daha geniş faydalana bilərdilər. Digər problem isə söylədiyim kimi müəllif hüququları və bir də kadr məsələsidir. Tamaşaçının baxışı, təfəkkürü dəyişib. Kadrlar da o təfəkkürə uyğun gəlməlidir. Qəzet jurnalisti yazmağı bacarırdısa, bu onun üçün kafi idi. Tv jurnalisti üçün əsas məsələ danışmağı bacarmaqdır. İnternet jurnalisti üçün belə bir şərt yoxdur. Çünki o yazmağı da, danışmağı da, göstərməyi də, bəzi hallarda aktyorluq etməyi də bacarmalı, bəzi hallarda isə fotoqraf və ya operator olmalıdır. İnternet jurnalisti bütün hallarda çalışmağı bacaran unikal bir şəxsdir. Ənənəvi jurnalistika ilə məşğul olan şəxsi hazırladığı materialın necə və nə cür oxunacağı problemi maraqlandırmırdı. İnternet jurnalistin belə bir şansı yoxdur. O, təqdim etdiyi materialın mütləq oxunmasına nail olmalıdır. Çünki onun məvacibi baxış sayından asılıdır. Ona görə də internet jurnalistin tanınması üçün əsas vasitə sosial şəbəkələrdir. Bu imkanlar yolu ilə o, öz hazırladığı məhsulu satmağı bacarmalıdır. İnternet jurnalisti həm də xəbər marketoloqu olmalıdır. Bu baxımdan da kadr məsələsində ciddi problemlər var. Çünki yeni medianın gətirdiyi yeni kadrlar, bu sahə üzrə çalışacaq yeni peşə sahibləri var. Yeni medianın xəbər marketoloqu hansısa bir dükanda geyim və ya qida satacaq marketoloq deyil. Xəbər marketinqi ilə məşğul olmaq tamamilə başqa bir işdir. Xəbər dünyanın ən tez xarab olan məhsuludur. Xəbər bəzən saniyələrə görə dəyişir yəni yenilənir. Buna görə də bu sahə üzrə çalışacaq yeni peşə sahibləri, yeni kadrlar lazımdır. Əsas məsələ bax budur.

 Azərbaycan torpaqlarını işğal edən və ölkəmizə qarşı həm də informasiya savaşı açan ermənilər, sosial şəbəkələrdə yaratdıqları xüsusi səhifələr vasitəsi ilə cəmiyyətimizə təsir göstərməyə çalışmaqla yanaşı, eyni zamanda orada rəy bildirən Azərbaycanlı istifadəçilər haqda məlumatlar toplamaqla da məşğuldurlar. Sosial şəbəkələrdə, ümumiyyətlə internetdə istifadəçilərin məlumatlarının qorunması ilə bağlı, informasiya müharibəsi ilə mübarizə aparmaq üçün nə kimi addımlar atılmalıdır?

Dünyanın bir çox ölkələrində bu var. Burada söhbət məlumatlandırma və savadlandırma məsələsindən gedir. Artıq internet elə bir mərhələyə gəlib çatıb ki, insanların xüsusi xidmət orqanları vasitəsi ilə izlənməsinə ehtiyac yoxdur. İstənilən sosial şəbəkədə fəal olan şəxsin facebook, twitter, instagram ünvanına nəzər saldıqda, qısa müddət ərzində onun haqqında informasiya toplamaq mümkündür. İndiki dövrdə bu çox asandır. İnsanın, onun gördüyü işlər, münasibətlər sistemi, geyim, zövqləri haqda məlumat əldə etmək, hətta orta aylıq əməkhaqqını belə hesablamaq mümkündür. Artıq dünyanın bir çox ölkələrində, bəzilərində bu açıq, digərlərində isə gizli formada sosial medianın idarə olunması ilə məşğul olan analitik mərkəzlər fəaliyyət göstərir. Digər məsələ yəni informasiya müharibəsinə gəldikdə isə mübarizənin aparılması üçün virtual orduların fəaliyyət göstərməsi gərəkdir. Dünyanın bir çox ölkələri bunu edib. Əlbəttə ki, burada əsas məsələ peşəkarları, bu sahəni yaxşı bilən kadrları işə cəlb etmək lazımdır. Çox təəssüf ki, bizim ölkədə onların ciddi qıtlığı yaşanır. İnformasiya təhlükəsizliyi sahəsi üzrə çalışan mütəxəssislər olmalıdır. Bizə elə gəlir ki, kimsə kompüterdən bir az yaxşı başı çıxarırsa, onda o, informasiya təhlükəsizliyi mütəxəssisidir. Amma bu belə deyil. Həmin peşakarların özlərinin belə çoxlu təsnifatları var: server təhlükəsizliyi, ümumi informasiya təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, proqramçılar, SMM-çilər və s. Bizdə hamısına elə proqramçı deyirlər. Burada daxili proqramlaşdırma var, kodların daxili təhlükəsizliyi var, xarici proqramlaşdırma var, SEO optimizasiyanı aparan ayrıca mütəxəssislər  var. Menecerlər fəaliyyət göstərməlidir. Bu gün demək olar ki, Azərbaycanda onların bir çoxu hətta yox səviyyəsindədir. Yəni elə sahə var ki, onunla bağlı ümumiyyətlə mütəxəssis yoxdur. Bunun üçün mütəxəssislər yetişdirilməlidir və sosial şəbəkələrlə bağlı ciddi monitorinqlər aparılmalıdır. İşə sosioloqlar, psixoloqlar cəlb edilməlidir. Bu problem yalnız sosial şəbəkələrdə deyil. Ümumiyyətlə, internet təhlükəsizliyi ilə bağlı ciddi təhdid olunan məsələlər var. Qarabağla bağlı wikipediya-ya nəzər saldıqda bizim tarixi adlarımızın ermənilər tərəfindən burada yerləşdirildiyi görürük. Hamısı da erməni tarixi məkanları kimi təqdim olunur. Biz deyirik ki, kimsə ikili standartla yanaşır, amma özümüzü qoyaq həmin adamların yerinə. Məsələn, internetə daxil olub hansısa ölkə ilə bağlı axtarış verdikdə, ilk olaraq wikipediya-nın məlumatları gəlir. Həmin mənbənin verdiyi məlumata əsasən də insanda təəssürat yaranır. Amma həmin mənbə ilə tanış olan internet istifadəçisi materialın kim tərəfindən yerləşdirildiyini bilmir. Yəni bunu edən həmin ölkənin tərəfdarıdır və ya əlehdarı. Sabah da həmin dövlətlə bağlı çıxış etdikdə, o məlumatlara istinad olunur. Qarabağla da bağlı beynəlxalq domenlərimizin böyük əksəriyyəti bu günə qədər ermənilərin əlindədir. Bizim bunu ICANN-a müraciət edərək, geri almaq yollarımız var. Amma təəssüf ki, hələ bunu etməmişik. Bu sahədə ciddi işlər görülməlidir. Bunun üçün isə sahəni əla bilən mütəxəssislərə ehtiyac var. Çünki mütəxəssis bu detalları yaxşı bildiyi üçün yaranmış problemləri də həll etmək mümkün olacaq.

Bəşəriyyət televiziyanı yaratdı və o, dünyanı sürətlə dəyişmək üzrədir. Sizcə internet televiziya  gələcəyimizi dəyişə biləcəkmi?

Hesab etmirəm ki, televiziya dünyanı dəyişdi. Dünya dəyişməyə meyilli idi, tv isə sadəcə onun dəyişdiyini göstərdi. Yenə də bəşəriyyət dəyişməyə meyillidir, yeni texnologiyalar kəşf olunur. Gələcəyin təcrübəsini də bizə internet tv göstərəcək. Televiziya heç nəyi dəyişmir, dəyişəni göstərir. İndiyə kimi ənənəvi tv göstərirdi, indən belə internet tv göstərəcək.

Azərbaycanda  internet televiziyanın inkişaf perspektivlərini necə görürsünüz?

Dediyim kimi internet inkişaf etdikcə, cəmiyyət sosial şəbəkələrdə, xüsusi ilə görüntülü sosial şəbəkələrdə daha çox görmək, daha çox müzakirə etmək istəyir. Youtube-nin ölkəmizdə önəmi artdıqca, canlı yayıma maraq çoxaldıqca və insanların özünü ifadə etmək meyilləri gücləndikcə,  internet tv-yə də diqqət artacaq.

AvtoReyd.Az

Fotolar Kamalə Rövşənə məxsusdur.

 

Related Post

Dövlət avtomobilləri satışa çıxır – KİA 4 000, Daewoo 3000 AZN (QİYMƏTLƏR)Dövlət avtomobilləri satışa çıxır – KİA 4 000, Daewoo 3000 AZN (QİYMƏTLƏR)

Azərbaycanda dövlət maşınları satışa çıxarılır. AvtoReyd.Az-in məlumatına görə, 18 sentyabr tarixində hərraca Vergilər Nazirliyinin 8 ədəd avtomobili çıxarılacaq. Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə