Avtoreyd.Az Gündəm Taksi sürücüləri turistlərə şişirdilmiş qiymət deyə bilməyəcək (Video)

Taksi sürücüləri turistlərə şişirdilmiş qiymət deyə bilməyəcək (Video)


Ölkəmizə səfər edən turistlər hava limanına ayaq basdıqları zaman müxtəlif qiymətlərlə rastlaşırlar. Taksilər yerli vətəndaşlardan fərqli olaraq turistlərə normalda deyilən qiymətdən bir qədər yüksək qiymət deyirlər. Bu isə turistlərdə ölkəmiz haqqında fərqli fikirlər formalaşmasına səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi bu narahatedici məqamın aradan qaldırılması üçün xüsusi konsepsiya hazırlayıb. Konsepsiyaya əsasən hava limanında müasir və komfortlu nəqliyyat vasitələri ilə taksi xidməti göstəriləcək.

Bakı Nəqliyyat Agentliyi ölkəmizə gələnlərin hava limanında taksi xidmətindən istifadəsini asanlaşdırmaq üçün müasir innovasiyalara əsaslanan alətlərin hazırlanması istiqamətində iş aparır.

Yeni konsepsiyaya görə, taksi sürücüləri turistlərə şişirdilmiş qiymət deyə bilməyəcəklər. Hava yolu ilə Bakıya gələn şəxs artıq əvvəlcədən müəyyən proqram təminatı vasitəsi ilə taksi sifarişi edə biləcək.

Konsepsiyada digər bir vacib məqam, müştəri ilə sürücü arasında qiymət sövdələşməsinin aradan qaldırılmasıdır. Belə ki, hava limanından paytaxtın müxtəlif istiqamətlərinə əvvəlcədən müəyyən edilən tariflər olacaq. Zonalar üzrə müəyyən edilən tariflər barədə Bakı Nəqliyyat Agentliyinin hava limanı terminallarında təşkil etməyi planlaşdırdığı informasiya məntəqələrindən də məlumat əldə etmək mümkün olacaq.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yaxın vaxtlarda hava limanı taksi konsepsiyası ilə bağlı konkret addımlar atılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post