Betonqarışdıran avtomobildən yola maye halında beton tökülür.
Xezerxeber.az bildirir ki, görüntülər paytaxtın Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsində çəkilib. Yoxuşlu yolda hərəkət edən betonqarışdıran maşından yolun hərəkət hissəsinə beton tökülür. Avtomobil bu şəkildə təxminən 50-60 metr gedir.
”99-KF-697” dövlət nömrə nişanlı betonqarışdıran avtomobilin sürücüsü məsuliyyətsizlik edərək yol hərəkəti qaydasını pozur. Halbuki o, avtomobildən beton tökülən hissəni bağlaya bilərdi. Bununla da sürücü qaydaları kobud şəkildə pozaraq, digər sürücülər üçün həm qəza şəraiti yaradır, həm də yol təsərrüfatına xeyli ziyan vurur.
Məsələ ilə bağlı ”Avtomobil Yolları Dövlət Agentliyi”nin mətbuat xidmətninin rəhbəri Anar Nəcəfli bildirdi ki, belə hallara paytaxt ərazisində tez-tez rast gəlinir. Yolların mühafizəsi əməkdaşları belə faktları aşkar edən kimi yola ziyan dəyməsin deyə təmizlik işçilərini həmin əraziyə cəlb edərək dərhal təmizləməyə çalışırlar.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən ”Xəzər Xəbər”ə bildirdilər ki, yol polisi də bu cür sürücülərə qarşı mübarizə aparır. Belə faktlar ən çox avtomobilə normadan artıq beton yüklənəndə baş verir. Bu cür fakt yol polisi tərəfindən aşkar ediləndə İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə uyğun olaraq fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500 və hüquqi şəxslər isə 3-4 min manat məbləğində cərimə edilirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: