Belçikanın paytaxtı Brüssel şəhərində İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (International Association of Public Transport-UITP) növbədənkənar ümumi yığıncağı keçirilir.
Bu barədə AvtoReyd.Az a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 96 ölkədən 200-dən artıq şəhər nəqliyyatına məsul qurumu özündə birləşdirən təşkilatın toplantısında Bakı Nəqliyyat Agentliyinin Strateji inkişaf və maarifləndirmə şöbəsinin müdiri Orxan Kazımov da iştirak edir. Toplantı çərçivəsində təşkilatın yeni nizamnaməsi qəbul edilib. 2017-ci ildə görülən tədbirlərin, büdcə-audit hesabatları və digər sənədlərə baxılıb, növbəti ilin büdcəsi təsdiq olunub. Həmçinin təşkilatın yeni vitse-prezidenti seçilib. Yeni nizamnaməyə əsasən, bundan sonra hər il təşkilatın ümumi yığıncağı keçiriləcək.
Qeyd edək ki, toplantıda keçirilən səsvermələrdə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi də iştirak edib. Belə ki, Assosiasiyaya yeni üzv olan Bakı Nəqliyyat Agentliyi də səsvermək hüququna malikdir. Tədbir çərçivəsində Bakı Nəqliyyat Agentliyinin Strateji inkişaf və maarifləndirmə şöbəsinin müdiri Orxan Kazımov İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın baş katibi Mohamed Mezgani ilə görüşüb.