Baxmayaraq ki, o dövrün yazılı İslam mənbələri onun haqqında qəribə olsa da susur, o, zamanının güclü şəxsiyyəti və məşhur dəniz qulduru Barbarossanın tam bərabər hüquqlu müttəfiqi idi.
Girovlarla bağlı aparılan danışıqlar, ümumiyyətlə, dəniz quldurları ilə əlaqəli bütün məsələlər, 20 il Aralıq dənizinin qərb hissəsində hökmranlıq edən bu qadından keçirdi.
Seyyidə Əl Hürrə haqqında əksər məlumatlara ispan və portuqal mənbələrində rast gəlinir. Bu da əsirlərin geri qaytarılması ilə bağlı gedən intensiv danışıqlar və qadın hökmdarla aparılan dipomatik oyunlarla əlaqəli idi.
16-cı əsrin əvvəllərində yaşamış Seyyidə Əl Hürrə, İslam aləminin dəniz quldurlarının kraliçasıdır. “Seyyidə Əl Hürrə” tərcümədə müstəqil və ya azad nəcib qadın hökmdar deməkdir. Onun əsl adı isə məlum deyil.
Mərakeşə pənah gətirən əndəlüslü qaçqınlar arasında Moulay Əli ibn Rəşid, onun islamı qəbul edən zövcəsi Lalla (yəni xanım) Zöhrə Fernandez, oğlu Moulay İbrahim və gələcəkdə Seyyidə Əl Hürrə kimi tanınacaq, adının Aişə güman olduğu qızı da vardı. Rəşidilər peyğəmbər nəslindən olduğu iddia edilən bir tayfa idi.
Moulay Əli İbn Rəşid, qəbilə başçısı və Mərakeş əsilli varlı bir şəxs idi. Əndəlüsdən sürgün edildikdən sonra o, Mərakeşin şimal sahillərində, Tanjerin cənub-şərqində, Cəbəl əl Rifdə məskunlaşır. Burada Moulay Əli şəhər-dövlət Şaven şəhərinin əsasını qoyur və onu idarə edir. Özü də qaçqın olduğu üçün Şavenin qapılarını İspaniyada Rekonkistadan yaxa qurtaran əndəlüslü qaçqın axınlarına geniş açır.
“Mavi mirvari” adlandırılan Şaven, Titvan kimi Rekonkista təqiblərindən can qurtaran qaçqınlar tərəfindən böyük bir şəhərə çevrilən qala idi.
Katolik ispan monarxları Ferdinand və Izabella Rekonkistanın sonunda müsəlman Qranadasını tutduqdan sonra (bu haradasa 1469-1714 illərə təsadüf edir), ispaniyalı tarixçilərin hesablamalarına görə, ispanların ordusu 100,000 müsəlmanı qətlə yetirir və əsir alır, 20,000 nəfəri isə yurdundan didərgin salır.
Əndəlüsdən necə didərgin düşdüklərinin canlı şahidi olan gənc Aişəyə, atası dövrünə görə çox əla təhsil vermişdi. O, ispan və portuqal dillərini mükəmməl bilirdi və beynəlxalq diplomatiyadan yaxşı başı çıxırdı. Eyni zamanda ilahiyyatla da tanış idi. Gənc qızın müəllimləri arasında mərakeşli məşhur alim Abdulla əl Qəzvani də vardı. Əl Qəzvani, sufizmə görə, hazırda Mərakeşdə yeddi müqəddəs şəxsdən biri hesab olunur.
Rəvayətə görə bir gün müəllimi Abdulla əl Qəzvaninin atası, məşhur şeyx Ucal əllərini balaca Aişənin başına qoyaraq deyir: “Bu qız gələcəkdə yüksək məqama ucalacaq”.
Seyyidə təxminən 1485-ci ildə Qranadada anadan olub. Əndəlüsdə müsəlman dövləti, xristian İspaniyasının Rekonkista hücumları qarşısında tab gətirməyərək, 1492-ci ildə süquta uğradıqdan sonra ailəsi ilə bərabər Mərakeşə pənah aparıb. 16 yaşında isə Mərakeşin şimalında yerləşən Titvan şəhərinin qubernatoru olan, özündən 30 yaş böyük Əl Mandri adlı şəxslə ailə qurub.
Aişənin ailə qurduğu şəxslə bağlı tarixçilər arasında fikir ayrılığı var. Belə ki, onların bəziləri qızla ailə quran şəxsin ondan 30 yaş böyük olan məhz Al-Mandarinin olduğunu deyirlər. Digərləri isə bu şəxsin Əl-Mandari yox, onun ailəsindən və ya nəslindən olan ayrı bir adamın olduğunu qeyd edirlər. Məsələn, onun qardaşı və ya bacısı oğlunun, hətta öz oğlunun yəni Məhəmməd əl-Mandarinin.
Əl-Mandari ilə nikah Seyyidə üçün çox uğurlu bir addım idi. Həyat yoldaşı ilə birgə idarəçilik, eyni zamanda qardaşı Moulay İbrahimin Mərakeş sultanı Əhməd əl-Vattasinin vəziri olması sayəsində Rəşidilər, sürətlə güclənən ispan və portuqal qüvvələrinə qarşı Mərakeşin birləşməsi uğrunda göstərdikləri səyləri ilə özlərini əsas oyunçu kimi təqdim edə bilirlər.
Çox gənc olmasına baxmayaraq, onun həyat yoldaşı siyasi məsləhət və dəstək məsələlərində Seyyidəyə güvənirdi və qız tezliklə onun baş hərəminə çevrilir. Titvanın Portuqaliyanın Seuta şəhəri ilə geniş ticarət əlaqələri vardı. Seyyidənın dil bacarıqları, iqtisadiyyat və diplomatiya məsələlərindən yaxşı baş çıxarması, qızı hökmdar qarşısında böyük üstünlüklərə malik edirdi.
Aişənin əri Əl Mandari təxminən 1515-1519-cu illər arasında dünyasını dəyişir və dul qalan qadın Titvanın yeganə hökmdarına çevrilir. Bu zaman o, Titvan hakiməsi titulunu qəbul edir. Seyyidə, İslam tarixində ‘kraliça’ mənası verən ‘Əl Hürrə’ titulunu daşımaq hüququndan istifadə edən sonuncu qadın olub. İspan mənbələri səhvən Seyyidə Əl Hürrə ifadəsini onun faktiki adı kimi qəbul edir. Bu ad orada Sida el-Horra kimi keçir.
Mərakeşin şimalında yerləşən Seyyidənin idarə etdiyi Titvan şəhəri ilk dəfə 3-cü əsrdə insanlar tərəfindən məskunlaşsa da, 15-ci əsrdə kastiliyalılar tərəfindən dağıdılıb. Rekonkista qaçqınları Mərakeş sultanından bu ərazidə yaşamaq icazəsi və buranı möhkəmləndirmək izni aldıqdan sonra, Seyyidə birinci həyat yoldaşı ilə birlikdə şəhəri bərpa edib. Böyük məscid inşa olunub və Titvan qaladan həyat qaynayan, böyük ticarətlə məşğul olan şəhərə çevrilib.
Seyyidə və əri tərəfindən aparılan restavrasiya-bərpa işləri nəticəsində bu gün Titvanın Qədim hissəsi, hazırda UNESCO-nun qeyri-maddi mədəni irsi siyahisinə daxildir.
Sonralar Afrikalı Leo kimi tanınan 16-cı əsrdə yaşamış tarixçi Əl Həsən ibn Məhəmməd əl-Vəzzan yazır ki, Qranadalı kapitan gələnə kimi bu şəhər 80 il tərk edilmiş qalıb. Qeyd edək ki, Afrikalı Leo da əslən Əndəlüsdən olan qaçqınlardan idi.
Onun kapitan dediyi şəxs, Əndəlüsün sonuncu müdafiəçilərindən biri, eyni zamanda Titvanın yeni qurucularında olan Əl-Mandari idi. Əl Həsən ibn Məhəmməd əl-Vəzzan (Leo Afrikalı) yazır ki, şəhəri bərpa etmək, vergi toplamaq işi kapitanın öhdəliyinə düşürdü. Əl-Mandari şəhər divarlarını bərpa edib, qala tikib və çox vaxt Seuta, Ksar və Tanjerə hücumlar təşkil etməklə, portuqaliyalılarla çoxsaylı müharibələr aparıb.
Əndəlüsdən minlərlə qaçqın axınının davam etdiyi bir vaxtda, ispan və portuqallar artıq Mərakeş sahilləri ətrafında görünməyə başlamışdılar. Avropalılar Mərakeşin sahilyanı yaşayış məntəqələrinə basqın edir, əraziləri müstəmləkəyə çevirir, insanları isə bacardıqları hər yerdə əsir alaraq, kölə edirdilər.
Seyyidə doğma yurdundan qovulduğunu bir an belə olsun unutmurdu. Buna görə də qisas almaq üçün Avropada xüsusi ad çıxarmış Barbarossa kimi tanınan, türk əsilli dəniz qulduru Oruc Rəislə ittifaq bağlayır və onun yardımı ilə dəniz quldurlarından ibarət donanma formalaşdırır. Birlikdə onların qüvvələri Aralıq dənizində vahimə yaradır, ispan və portuqal gəmilərini qarət edir, düşmənə ziyan vurur, dənizçiləri əsir alırdılar. Aralıq dənizinin qərb hissəsi Seyyidə Əl Hürrənin, şərq hissəsi isə Oruc Rəisin nəzarətində idi. İspan mənbələri Seyyidəni regionun dəniz sularında üstün mövqeyə malik hörmətli və qorxu hissi təlqin edən rəqib kimi təsvir edirlər.
Düşmənlərini lərzəyə salan Oruc Rəis gümüş protez taxırdı. “Gümüş Qol” ləqəbini o, 1512-ci ildə ispaniyalı müstəmləkəçilərin Afrikadan qovulması uğrunda gedən döyüşlərdə itirdiyi qoluna görə qazanıb. Müasirlərinin sözlərinə görə aslan kimi döyüşən bu şəxsin mülayim tərəfləri də vardı. 1504-1510-cu illər arası o, İspaniyada Rekonkista təqiblərindən can qurtaran Əndəlüs qaçqınlarının Şimali Afrikaya daşınmasına böyük köməklik göstərib. Bunun sayəsində də xalq ona Baba Oruc ləqəbi verib. Bu ad avropalılar tərəfindən səslənməsinə görə düzgün anlaşılmadığınan Barbarossa kimi qəbul olunub. İtalyan dilindən tərcümədə isə Barbarossa “Qırmızı saqqal deməkdir”.
Bığının-saqqalının rəngindən asılı olmayaraq Oruc Rəisin siyasəti və ona olan simpatiyası Seyyidə Əl Hürrənin həm diqqətini çəkib, həm də valeh edib. Güclərini birləşdirərək onlar Aralıq dənizi sularında hakim qüvvəyə çevrilərək, dəryada üzən gəmilərə, sahilboyu məntəqələrə hücum edərək, ispan və portuqalları əsir götürürdülər.
Dəniz quldurlarının kraliçası kimi tanınan Seyyidə, ispan və portuqal gəmilərini qarət etsə də, Əndəlüs qaçqınlarının dəniz yolu ilə Mərakeşə sağ-salamat çatması üçün əlindən gələni edirdi. O, xalqını ispan və portuqalların Mərakeş sahillərinə basqınlarından qorumaq üçün özünün pirat şəbəkəsindən istifadə edirdi. Mərakeşlilər o zaman heç bir donanmaya malik deyildilər, odur ki, Seyyidə Mərakeş sahillərini qorumaq üçün piratlardan istifadə edirdi. Bu isə bir sual doğurur, Seyyidə pirat olub, yoxsa müdafiəçi?
Seyyidə, Pireney yarımadası sahillərinə hücum etməklə, ispan və portuqalların həyatını əsl cəhənnəmə çevirirdi. Bu reydlər zamanı o, çoxlu pul, qiymətli mallar və əsirlər əldə edirdi.
Tarixi rəvayətlər onun 1520-ci ildə Portuqal qubernatorunun xanımını əsir almasından bəhs edir. İspaniyanın o vaxtkı yazılı mənbələri isə bu cəsur qadının, Cəbəllütariqə hücumlarından yazır.
1540-cı ilə aid ispan mənbələri, Cəbəllütariqə həyata keçirilən hücum nəticəsində Titvan hakiməsinin böyük qənimət və çoxlu sayda əsirlərin ələ keçirməsindən yazır. Basqın zamanı girov götürülənlərin azadlığa buraxılması üçün aparılan danışıqlardan Seyyidə Əl Hürrə yüksək qazanc əldə edir.
Donanmasının əsir aldığı insanların azadlığı üçün ödənilən məbləği və əldə etdiyi qəniməti isə Seyyidə Titvanın bərpasına sərf edirdi.
Qisas yanğısı ilə həyata keçirilən basqınlar Seyyidənin var-dövlətlini çoxaldır və məşhurluğunu artırırdı. Onun gücü çoxaldıqca, nüfuzu da yüksəlirdi. 1541-ci ildə mühasirəyə alınmış sülaləsinə dəstək məqsədi ilə regiona səfəri zamanı, Əhməd əl-Vattasi ona evlilik təklifi edir.
Seyyidə sultanın təklifini qəbul edir, lakin Titvan hökmdarı titulundan vaz keçmək niyyətində olmadığını bildirir və hətta, nikah mərasimi üçün şəhəri tərk etməkdən və Fəsdə evlənməkdən belə imtina edir. Əksinə, Əl Vattasini öz ayağına gəlməyə məcbur edir. Bu, Mərakeş tarixində yeganə qeydə alınmış haldır ki, kral paytaxtdan kənarda evlənib. Sultanın onun tələbini qəbul etməsi və Seyyidə ilə Titvanda evlənməsi faktı, bu qadının necə güclü bir iradəyə və mərakeşlilər arasında böyük hörmətə malik olduğunu göstərir.
Bu izdivac haqqında xəbərlər Madridə çatdıqda, II Philip çox narahat olur. Belə ki, bu nikah bəziləri tərəfindən Araqon kralı Ferdinand və Kastiliyalı Izabella cütlüyünün müsəlman ekvivalenti kimi qəbul edilir.
Zamanla Seyyidənin gücünün azalmasına baxmayaraq, portuqaliyalılar onun basqınlarından cana doymuşdular, Seuta şəhəri isə onunla ticarət əlaqələrini kəsməklə, onun adamlarının çoxunu işsiz qoymuşdu.
Seyyidə Əl Hürrə 1542-ci ildə öz kürəkəni Moulay Əhməd əl-Həsən əl-Mandari tərəfindən devrilənə qədər, təxminən otuz il məmləkəti idarə edib. Sonra isə uşaqlıqda yaşadığı Şaven şəhərinə qayıdaraq, ömrünün qalan iyirmi ilini 1561-ci ilin iyul ayının 14-nə kimi burada keçirib. Lakin taxtdan salındıqdan sonra onun taleyi haqda heç bir məlumat yoxdur.
Tarixçi German Vaskes Çamorro yazır ki, portuqallar tanrıya dua edirdilər ki, adı gələndə düşmənlərinin canına vəlvələ salan qadını, gəminin dor ağacından asılacağı günü görməyi onlara nəsib etsin.
Çox güman ki, Titvan hakiməsinin ayağı bir dəfə də olsun gəminin göyərtəsinə dəyməsə də (çünki o, çox səs-küylü, qaynar həyata malik şəhər-dövlət Titvanın idarə edilməsi ilə məşğul idi), lakin hər şey onun nəzarətində idi. İspan və Portuqal kralları onun gücünə bələd idilər, Seyyidə ilə hesablaşmalı olduqlarını yaxşı bilirdilər.
Portuqaliyanın kral sarayının səyyahı Sebastyan de Varqas isə bu qadını “aqressiv” və “tez özündən” çıxan şəxs kimi xarakterizə edir.
Təəssüflər olsun ki, Seyyidə haqqında məlumatlar çox az şəkildə sənədləşdirilib.