Azərbaycanda bir çox yüksək çinli məmurların övladlarının yol-hərəkəti qaydalarını pozması və bunun ağır faciələrə səbəb olmasına dair mediada zaman-zaman xəbərlər yayılır.
Valideynlərinin tutduğu mövqeyə arxalanan bu cür şəxslərin törətdikləri əməllər sonradan onların ictimai qınaqla üzləşməsi, həbsi və bəzi halarda arxalandıqları insanların vəzifədən atılması ilə nəticələnsə də zaman-zaman bu tipli adamların avtoxuliqanlıq hərəkətləri təkrarlanır.
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni təyin olunan rəis Əkbər İsmayılovun oğlu Ülvi İsmayılov da belələrindəndir.
Gununsesi.org-a daxil olan bir məlumatda Ülvi İsmayılovun tez-tez yol hərəkəti qaydalarını pozması, sürücü kimi qanunlara məhəl qoymadığı bildirilir. Redaksiyamıza təqdim olunan bir sənəddə rəis oğlu barəsində deyilənlərin həqiqət olduğu da təsdiqlənib.
Belə ki, Bakı-Şamaxı yolunun 84.6 km-də sürət həddi 90 km/saat müəyyən olunan yolda Ülvi İsmayılov özünə məxsus 10 TO 020 dövlət qeydiyyat nömrə nişanlı “Porsche Panamera” maşını ilə sürət həddini aşaraq 149 km/saat -la radara düşüb.