Bakıda yol hərəkətinin təşkilində yeniliyə imza atılıb.
Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb.
Bildirilir ki, pilot layihə olaraq Bakıda bir neçə küçənin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil olunub.
Bu yenilik paytaxt küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə tətbiq edilib. BNA mütəxəssislərinin hazırladığı pilot layihənin sonrakı mərhələdə şəhər mərkəzini əhatə edən, eyni zamanda, tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub.
Sarı kəsişmə toru yollarda nəqliyyat axınının fasiləsizliyini təmin etməyə və ləngimələri azaltmağa xidmət edəcək.
Bu yaxşı yenilikdir, amma gəlin görək, bu kimi dəyişikliklər və ya əlavələr digər dövlətlərdə necə tədbiq olunur. Misal üçün ən yaxın qonşumuz Rusiyada.
Sarı kəsişmə toru nədir və harada tətbiq olunur ?
Rusiyada kəsişmə toru – sərhədləri göstərilməklə yanaşı 1.16 rəqəmi altında tətbiq olunur və sarı rəngdədir.
1.26 nişanlanma xətti
Bu nişanlanma, yolayrıcında hərəkət hissələrinin kəsişmə yerinin (yerlərinin) konfiqurasiyasına uyğun olaraq, sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur.
1.35 rəqəmli yol nişanı
1.26 nişanlama xətti müstəqil və ya 1.35 rəqəmli yol nişanı ilə birlikdə yolayrıcılarında tətbiq olunur. Öz növbəsində, nişanlama xətti olmadan, nişan tətbiq edilə bilməz.
Sarı kəsişmə toru nişanlanması yalnız X-formalı deyil, həm də daha mürəkkəb kəsişmələrdə tətbiq oluna bilər.
Bu nişanlama xəttinin tələbləri necə pozula bilər?
Nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Bu nişanlanma Rusiya hökumətinin 20 oktyabr 2017-ci il tarixli 1276 saylı fərmanı ilə təsis edilib. Sarı kəsişmə xətti Rusiya Federasiyasının yol hərəkəti qaydalarına uyğun olaraq, “Yol nişanları və onların xüsusiyyətləri” adlı yol qaydalarının 2 saylı əlavəsində 1.26 nömrə altında tapa bilərsiniz”
1.35 yol nişanının tərifi Rusiya Federasiyasının yol qaydalarına daxil edilib və “Xəbərdarlıq nişanları” bölməsində yer alıb.
Bütün bunlar Rusiyada tətbiq edilib.
Bəs görəsən bizdə bununla bağlı vəziyyət necədir?!
Cavab çox sadədir: Azərbaycan Respublikasi Yol Hərəkət qaydalarında bu barədə heç bir məlumat yoxdur!
Bundan başlayım ki, sürücülük hüququna yiyələnmək istəyən hər bir şəxs ilk öncə Azərbaycan Respublikasi Yol Hərəkət qaydalarını öyrənib nəzəri imtahan verməlidir. Təsəvvür edin ki, imtahanı uğurla başa vuran təcrübəsiz sürücü yolayrıcında sarı kəsişmə torunun tələblərini hardan bilsin? Axı oxuduğu kitabda nə nişan, nə nişanlama xətti haqqında heç bir məlumat yoxdur. Mən hələ gələcək və indiki bəzi sürücülərdən danışmıram.
Əgər kimsə desə ki, onsuz da buna görə cərimə tətbiq olunmur, nəyə lazımdır? Onda qanunvericilikdə mövcud olan bir neçə yol nişanı və nişanlanma xətləri var ki, onların tələbləri belə hətta pozulduqda cərimə tətbiq edilmir, onda onlar niyə mövcud olan nişanların siyahısına daxil edilib? Sadəcə gələcəyin hər bir sürücüsü mövcud olan nişan və nişanlanma xətlərinin hər birini bilməlidir! Onu da bildirim ki, sarı kəsişmə toru nişanlanması tətbiq olunursa, yolayrıcılarında mütləq rəqəmsal svetoforlar quraşdırılmalıdır.
Bəs görəsən Bakı Nəqliyyat Agentliyi qeyd edilən nişanlanmanın Azərbaycan Respublikasında qüvvədə olan müvafiq normativ aktlara əlavə etmədən, Bakının əsas yolayrıcılarında necə tətbiq edir?
Maraqlıdır, sonrakı mərhələdə şəhər mərkəzini əhatə edəcək, Bakı Nəqliyyat Agentliyinin hazırladığı sözügedən layihə, eyni zamanda müvafiq normativ aktlara əlavə edilmədən 74 yol kəsişməsində necə tətbiq olunacaq?
Düşünürəm ki, bu boyda maddi-texniki bazası, səlahiyyətləri və mütəxəssiləri olan Bakı Nəqliyyat Agentliyi, paytaxtın onsuz da bərbad olan Yol Hərəkətinin təşkilinə daha ciddi yanaşmalıdır! O, ki qaldı pilot layihəyə, bunu şəhərin mərkəzində deyil, digər müvafiq yerlərdə təşkil etmək olardı.
Sarı kəsişmə toru 1967-ci ildə Londonda uğurla sınaqdan keçirilib və bu gün Avropanın bir çox ölkələrində, ABŞ-da və Rusiyada tətbiq edilir, amma bizdən tam fərqli və müvafiq normativ aktlara uyğun.
Sonda onu da xatırladım ki, qanunvericilikdə mövcud olmayan sarı kəsişmə torunun tələblərini və yolayrıcı qaydalarını pozmaq, heç bir sürücüyə bəraət qazandırmır. Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2 bəndinə uyğun olaraq, sürücüləri 3 bal və 60 manat məbləğində cərimə gözləyir.