AvtoReyd.Az saytının əməkdaşı bu gün səhər saatlarında maraqlı hadisə ilə qarşılaşıb. DYP əməkdaşının sürücü ilə mübahisə etdiyinin şahidi olan jurnalist, polisdən nə baş verdiyini soruşub. Bu zaman zabit ona çox kobud şəkildə cavab verib ki, get işinlə məşğul ol. Təkrar müraciət etdikdə də, eyni cavabı alıb…
Yol polisi əməkdaşının “nümunəvi” davranışını oxuculara çatdırmaq qərarına gələn jurnalist, baş verənləri telefonun yaddaşına köçürmək qərarına gəlib. Hər şey də bundan sonra başlayıb. AvtoReyd.Az əməkdaşının əlində telefonu görən polis zabiti, jurnalistin üzərinə hücum edərək, mane olmağa çalışıb. Sayt əməkdaşı jurnalist olduğunu və məsələni işıqlandırdığını desə də, polis ondan işinə mane olmamağı tələb edib.
Jurnalist polisə xatırlandanda ki, onun şəxsi həyatını yox, fəaliyyətini işıqlandırır, bu zaman DYP avtomobilində olan digər əməkdaş da, jurnalistin üzərinə hücum çəkərək, telefonu almağa cəhd edib. Polis əməkdaşları ilə jurnalist arasında baş verən mübahisə zamanı, sayt əməkdaşı polis işçilərinə DYP haqqında qanunları xatırlatmasına baxmayaraq, onlar əraziyə PPX çağıracaqlarını bildirib və rabitə vasitəsi ilə müraciət ediblər.
Lakin uzun müddət PPX gözləsələr də, hadisə yerinə heç kəs gəlməyib. Sonda əməkdaşımız hara getmək lazım olduğunu soruşub və həmin ünvana bərabər getməyi təklif edib. Nərimanov rayon Polis İdarəsinə daxil olduqda isə jurnalistdən bir kənarda gözləmək xahiş olunub. İdarənin qarşısında yarım saat dayandıqdan sonra jurnalistə gedə biləcəyini deyiblər.
AvtoReyd.Az saytının əməkdaşı ilə kobud davranaraq, sərt ifadələr işlədən polis əməkdaşı isə dövlət nömrə nişanı 99-YP-268 seriyalı avtomobili idarə edən Mehdi Səlimov olub.
Qeyd edək ki, YPX əməkdaşının fəaliyyətinin lentə alınmasının şəxsi həyatı ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsini xatırlatmaq yerinə düşər. Maddəyə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
YPX əməkdaşı iş başında olan zaman, onun fəaliyyəti şəxsi həyatı ilə bağlı deyil. YPX haqqında təlimatın 4-cü bəndində də bu açıq şəkildə öz əksini tapıb.
Qeyd edək ki, əvvəllər leytenan, hazırda isə kapitan rütbəsini daşıyan Mehdi Səlimov haqqında sosial şəbəkələrdə, habelə youtube-də neqativ videogörüntü və şərhlərə rast gəlmək olar. Maraqlıdır, görəsən bu haqda Nərimanov rayon Polis idarəsinin məlumatı yoxdur?
Sonda belə bir sual yaranır: “Əgər polis öz vəzifəsini peşəkarcasına yerinə yetirirsə, onda nə üçün çəkilişə görə narahat olmalıdır?
Bu videonu izləyən hər bir şəxs kimin doğru, kimin yanlış olduğuna özü qərar verəcək.