3 gün ərzində eyni kənddən 2 minik avtomobili oğurlanıb.
Hadisə Lənkəranın Sütəmurdov kəndində baş verib. İyulun 25-də kənd sakini Fuad Zeynalova məxsus “VAZ 2107” markalıminik avtomobili gecə saatlarında evin qarşısından oğurlanıb. Naməlum şəxs və ya şəxslər maşının ön şüşəsindən içəri daxil olub və nəqliyyat vasitəsini Bakı istiqamətində sürərək aradan çıxıblar.
Oğurlanmış avtomobilin dövlət nömrə nişanları Cəlilabad rayonu ərazisində tapılıb. Maşının aqibəti ilə bağlı isə heç bir məlumat yoxdur.
Analoji hadisə 3 gün sonra kənd sakini Səbuhi Abbasovun başına gəlib. Qapıları kilidli olan “VAZ 2106” markalı minik avtomobili gecə saatlarında onun yaşadığı evin qarşısından aparılıb.
Qubada isə brilyant satan dələduz dəstə yaxalanıb. Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında əməliyyat tədbiri keçirib və külli miqdarda dəyəri olan iki ədəd brilyant daş-qaşı satmaq istəyən beş nəfərdən ibarət dəstə üzvləri saxlanılıb.
Araşdırmalarla onların Quba rayon sakinləri – 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri – 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları müəyyən edilib. İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilyant daş-qaşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.
Hər üç faktla bağlı araşdırma aparılır.