Avtoreyd.Az Maraqlı İslam dünyasının Marko Polosu

İslam dünyasının Marko Polosu

| | 0 Comments | 16:01

İbn Battuta üç qitədə yerləşən ən azı 100 ölkədə səfərdə olub, təxminən 120 min kilometr yol keçib. Bu isə Marko Polonun qət etdiyi məsafələrdən dəfələrlə çox olan bir ərazini əhatə edir. Əgər venesiyalı taciri bu qədər uzaqlara səfər etməyə ticarət işləri həvəsləndirirdisə, İbn Battuta səyahət etməklə dünyanı tanımaq və elmlərə yiyələnmək istəyirdi.

Dünya tarixində ilk səyyah-bloger məşhur ərəb səyahətçisi İbn Battuta XIV əsrin əvvəllərində Mərakeşdə, Tanjer şəhərində anadan olub.

Tam adı Əbu Abdullah Məhəmməd bin Abdullah əl-Ləvati ət-Tanci olan, sonralar İslam dünyasının Marko Polosu adlandırılacaq səyyah səyahətə 1325-ci ildə, 21 yaşında çıxıb. Bu səfər düz 30 il davam edib.

Əvvəlcə səyahətçi təkbaşına uzunqulaqla yola çıxıb, lakin sonra ticarət karvanı ilə qarşılaşdıqda, ona qoşulub. Bütün Şimali Afrikanı keçdikdən sonra isə Misirə yola düşüb. 1325-ci ilin yazında Tanjerdən Məkkəyə həcc ziyarətinə yollanan gənc zəvvar İbn Battuta İskəndəriyyə şəhərinə daxil olub. Məşhur Faros mayakını hələ uzaqdan gördükdə, dünyanın yeddi möcüzəsindən biri səyahətçini yaman valeh edib. Sonralar bu haqda İbn Battuta belə yazacaq: “Bina sanki havada uçur və qapıları yer üzərindən yüksəkdə yerləşir.

İskəndəriyyə və Qahirənin gözəlliyi İbn Battutanı valeh edib, oradan o, Qüdsə yollanıb. Daha sonra isə Dəməşqə, Bəsrəyə və Bağdada səfər edib.

İbn Battutanın niyyəti yalnız Həcci ziyarəti olmayıb. Eyni zamanda o, Yaxın Şərqi tanımaq və məşhur islam alimlərindən elm də öyrənmək istəyib.

Məkkəyə dönən və islam elmi ilə məşğul olan İbn Battutanı səyahətə olan böyük maraq bir an olsa belə tərk etməyib. Oradan o, Somali və Suaxiliyə yola düşüb. Buranın yerli adətləri və əhalinin zahiri görünüşü onu çox təəccübləndirib. İbn Battutanın növbəti marşrutu isə Kiçik Asiyadan keçib. Bu torpaqlarda o, gənc Osmanlı imperiyası ilə tanış olub. Səyahətçi daha sonra yoluna Antalya, Kappadokiya, Bursadan keçməklə davam edib.

Sonra onun yolu üzərində Qızıl Orda şəhərləri dayanıb. Qafqazda olan səyyah burada xanla şəxsən tanış olub. Bütün Orta Asiyanı gəzib dolaşdıqdan sonra Hindistana, Çinə, Malayziyaya, Şri-Lankaya və Benqaliyaya səfər edib. Bundan sonra isə Əndəlüs və Malidə olub.

Bu müddət ərzində İbn Battuta demək olar ki, bütün islam dünyası və onun sərhədlərindən kənarda yerləşən dövlətlərdə olub: Şimali və Qərbi Afrikadan Cənubi və Şərqi Avropaya, Yaxın Şərqdən İndostan yarımadasına kimi, Mərkəzi və Cənub-Şərqi Asiyadan Çinə qədər. 1350-ci ilin əvvələrində nəhayət Mərakeşə qayıtdıqda, sultan Abu İnan Faris, İbn Battutaya səyahəti haqqında hesabat hazırlamağı əmr edib.

İbn Battuta səyahəti zamanı öz səfərlərini ətraflı təsvir edən müasir bloqlara oxşar gündəlik tutub. Xatirələrini qələmə almaq üçün isə Qranadadan olan Əhməd ibn əl-Cüzayiə əl-Qəlbi adlı alimə müraciət edib. Bu yazılar sayəsində sonralar unikal məlumatlar əldə olunub. Məsələn, Özbək Xan dövrünün Qızıl Ordası haqqında maraqlı faktlar.

1874-cü ildə İbn Battutanın səyahətnaməsi Sankt-Peterburqda ərəb və fransız dillərində işıq üzü görüb. Həyatı boyunca İbn Battuta təxminən 120 min kilometr məsafə qət edib.

AvtoReyd.Az

Related Post